AMEA-nın Folklor İnstitutu Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyi ilə birgə adıçəkilən sarayda Novruz bayramı münasibətilə ənənəvi tədbir keçirib. İnstitutdan SİA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə Muzeyin direktor müavini Təranə Balayeva açaraq iştirakçıları salamlayıb, onları Novruz bayramı münasibətilə təbrik edib.
Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov) təbrik nitqində Novruz bayramının insanları birliyə, əmin-amanlığa çağırdığını bildirib:
-Novruz milli olduğu dərəcədə də bəşəri bayramdır. O, ilk növbədə təbiətin yenidən doğulmasının, qışdan yaza, qıtlıqdan bolluğa keçməyin bayramıdır. Ona görə Novruzdakı adətlər – yumurta boyamaq, tonqal qalamaq, səməni cücərtmək, zəngin süfrə açmaq və s. bolluğun, bərəkətin rəmzidir.
Novruz Azərbaycan Prezidentinin Sərəncamı ilə dövlət statusu almış bayramdır. O, YUNESKO-nun qeyri-maddi irs siyahısına düşüb, BMT-nin Baş Assambleyasının qərarı ilə 21 Mart Beynəlxalq Novruz Günü elan olunub. Bayram həm də ayrı-ayrı xalqlara gözəl münasibətin təzahürüdür. Novruz bizi elə möhtəşəm birliyə çağırır ki, gücümüzü bir yerə toplayıb ən vacib hədəflər uğrunda mübarizə aparaq. İştirakçılara, xalqımıza bolluq, əmin-amanlıq arzulayıram, hamınızı bu əziz bayram münasibətilə təbrik edirəm!
Sonra institutun "İrs" folklor ansamblı tamaşaçılar qarşısında maraqlı konsert proqramı ilə çıxış etdi və meydan tamaşaları göstərildi.
Ansamblın bədii rəhbəri, əməkdar artist Nuriyyə Hüseynova, solistlər Aşıq Solmaz Kosayeva və Aşur Adıgözəlov bayram ovqatlı xalq mahnıları oxudular.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB