Nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi (BŞDYPİ) Novruz bayramı münasibətilə paytaxtda keçiriləcək bayram şənlikləri iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə əhalinin, avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, tədbirlərin keçirildiyi ərazilərdə həmin tədbirlər başa çatanadək bütün avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bayram şənlikləri ilə əlaqədar martın 19-da saat 7:00-dan tədbir tam başa çatana kimi paytaxtın Neftçilər prospekti istiqamətində kəsişən bütün küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək. Belə ki, Konstitusiya Məhkəməsi və Qoşa Qala qapısının önündən başlanan tədbir daha sonra İçərişəhər, Neftçilər prospekti, Dənizkənarı Milli Park və digər yaxın ərazilərdə keçiriləcək. Bunları nəzərə alaraq, paytaxtın həmin hissəsinə doğru Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, "20-ci sahə" dairəsindən, "Dalğa Plaza" mehmanxanasının yanından, eyni zamanda, Mikayıl Müşfiq dairəsindən, yəni Mikayıl Müşfiq küçəsi ilə Mətbuat prospektinin kəsişməsindən, eləcə də Teymur Elçin-Mehdi Hüseyn, Yusif Səfərov-28 May, Yusif Səfərov-Afiyəddin Cəlilov, 28 May-Bülbül, İstiqlaliyyət-Niyazi, İstiqlaliyyət-Şeyx Şamil, İstiqlaliyyət-Azərbaycan, Şeyx Şamil-Lermantov küçə və prospektlərinin kəsişməsindən və digər hissələrdən avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

Şənliyə qatılmaq istəyən vətəndaşlardan şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri və bu istiqamətlərdə ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri xahiş olunur. Eyni zamanda, bu istiqamətlərdə hərəkətdə olanlardan isə alternativ yollardan istifadə etməklə hərəkətlərini davam etdirmələri xahiş edilir.

Bölgələrdən paytaxta gələnlər isə Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü kənar dairəvi yolla hərəkət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə