Finlandiyada Novruz bayramı qeyd edilib FOTOLAR

Finlandiyada Novruz bayramı qeyd edilib FOTOLAR

Finlandiyada yaşayan azərbaycanlılar Helsinkidəki "Caisa" mədəniyyət mərkəzində Novruz bayramı münasibətilə əyləncəli bayram proqramı təşkil edib. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, Finlandiya Azərbaycanlıları Assosiasiyasının (AAF) Azər-Türk Gənclər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində təşkil etdiyi bayram tədbirində Türkiyə Respublikasının Finlandiyadakı Səfirliyinin təmsilçiləri, Türk diaspor təşkilatlarının üzvləri, finlər və digər xalqların nümayəndələri iştirak edib.

AAF-ın nəzdində fəaliyyət göstərən Yeniyetmə Gənclər Təşkilatının sədri Günay Muradlının aparıcılığı ilə keçirilən tədbirdə Assosiasiyanın sədr müavini və Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay qonaqları Novruz bayramı münasibəti ilə təbrik edib.

Daha sonra tədbir iştirakçıları bu gün 100-ci ildönümü qeyd edilən Çanaqqala döyüşlərində şəhid olmuş Azərbaycan və Türk əsgərlərinin, həmçinin 31 Mart soyqırımına məruz qalan azərbaycanlıların xatirəsini bir dəqiqəlik sükutla yad edib. Tədbirdə çıxış edən Helsinki universitetinin tələbəsi Karhan Özdenkci Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını və Türk dünyasını təbrik etdikdən sonra qonaqlara Çanaqqala savaşı, bu döyüşlərdə azərbaycanlıların qardaş türk xalqına göstərdiyi dəstək haqqında məlumat verib.

Novruz bayramı münasibətilə təşkil olunmuş tədbirdə bayramın tarixi, Azərbaycan və türkdilli xalqların mədəniyyətində Novruz bayramının yeri, əhəmiyyəti, mənası, adətləri barədə danışılıb. Azərbaycanda keçirilən Novruz şənliklərindən bəhs edən video nümayiş etdirilib.

Novruz bayramını və milli adət-ənənələri Finlandiyada tanıtmaq məqsədi daşıyan tədbirdə daha sonra FAA-nın Yeniyetmə Gənclər Təşkilatının və Azər-Türk Gənclər Təşkilatının birgə hazırladığı bayram proqramı nümayiş etdirilib. Azərbaycan milli rəqsləri, Azər-Türk Gənclər Təşkilatının sədri Ulviyyə Cabbarovanın rəhbərlik etdiyi "Azər-Turk" uşaq musiqi qrupunun Azərbaycan, türk və ingilis dillərində ifa etdiyi mahnılar maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə