“Vətən mənə oğul dedi” TƏDBİR

“Vətən mənə oğul dedi” TƏDBİR

Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Məktəb qəhrəmanları ilə tanınır" adlı layihəsi çərçivəsində Nərimanov rayonunda yerləşən 39 saylı orta ümumtəhsil məktəbində milli qəhrəman Rafiq Nəsrəddinovun doğum gününə həsr edilən tədbir keçirilib. SİA-nın xəbərinə görə, Azərbaycanın Dövlət Himni ilə başlayan tədbirdə məktəbin direktoru Tahirə Əzimova çıxış edərək Azərbaycanın qəhrəmanlıq salnaməsinə öz adını həkk etdirmiş milli qəhrəmanın keçdiyi şücaətli ömür yoluna nəzər salaraq, tarixin, adını daşıyan məktəbin heç bir zaman öz igid oğulunu unutmayacağını diqqətə çatdırıb. T. Əzimova qeyd edib ki, Azərbaycan xalqının igid oğulları tarix boyu həmişə öz azadlığı uğrunda mübarizəyə qalxıb və torpaqları uğrunda canlarından, qanlarından keçməyə hazır olublar: "Belə igid, qeyrətli oğullarımızdan biri də Rafiq Nəsrəddinov idi ki, onu da zamansız torpağa tapşırmalı olduq. 1961-ci ilin martında sadə dənizçi ailəsində anadan olan Rafiq 1968-ci ildə məhz bu məktəbdə birinci sinifə qədəm qoyub. O hər zaman ağılı, zəkası, igidliyi ilə hər kəsin sevimlisi olmuşdu. 1979-cu ildə hərbi xidmətə yollanan igid 1981-ci ildə hərbi xidmətini layiqincə başa vurub ali təhsil almaq üçün imtahanlara hazırlaşır. Lakin onun ali təhsil almaq arzusu elə ürəyindəcə məzara yollanır. 1992-ci ildə hərbi komissarlıq tərəfindən ehtiyyatda olan zabit kimi hərbi xidmətə çağrılan Rafiq elə həmin ilin sentyabrında qəhrəman kimi son nəfəsini verdi. Onun haqqında çox danışmaq, çox fikirlər söyləmək olar. Biz hər gün məktəbin foyesində onun büstü önünə güllər düzərək, ruhunu ehtiramla yad edirik. Bu isə şagirdlərimizin vətənə, torpağa, milli qəhrəmanlarına nə qədər ehtiramla yanaşdıqlarının bariz nümunəsidir".

Sonra çıxış edənlər milli qəhrəmanın qardaşı Mehdi Nəsrəddinov, həyat yoldaşı Sevil xanım dövlətin, cənab Prezident İlham Əliyevin daim onlara diqqət və qayğısından razı qaldıqlarını qeyd edərək Rafiqin şücaətli ömür yolunun gənc nəslə bir örnək olduğunu diqqətə çatdırıblar.

Tədbir şagirdlərin ifasında milli qəhrəmanın həyatını əks etdirən ədəbi-bədii kompozisiyaları ilə davam etdirilib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə