Xətai Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə rayon ərazisində yerləşən Heydər Parkında Novruz bayramı qeyd olunub. SİA-nın verdiyi məlumata görə, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər qonaqların, eləcə də rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri tədbirdə özfəaliyyət dərnəklərinin ifasına maraqlı musiqi nömrələri, idman səhnəcikləri nümayiş etdirildi, Novruz bayramının qədim adət-ənənələrindən bəhs edildi. Novruzun əsas personajları olan Kosa və Keçəlin maraqlı deyişməsi isə tədbirə xüsusi bir rəng qatdı. Sonra qonaqların iştirakı ilə bayram tonqalı alovlandırıldı.
Qeyd edək ki, hər il Xətai rayonunda Novruz bayramı ilə bağlı silsilə tədbirlər keçirilir, xalqımızın adət-ənənələri yüksək əhval-ruhiyə ilə qeyd edilir. Məlumdur ki, Novruz bayramının tarixi kökləri çox qədim dövrlərə-Zərdüşt peyğəmbərin zəmanəsinə aiddir. Bu isə təqribən 3700-5000 il deməkdir. Odlar yurdu Azərbaycan atəşpərəstliklə bağlı zəngin ənənələrə malikdir. Bu baxımdan Novruz ruhun təmizlənməsi rəmzidir. Novruzdan əvvəlki axır çərşənbə ərəfəsində tonqallar yandırılır və yaşından, cinsindən asılı olmayaraq, hər kəs bu bərəkətli odun üstündən yeddi dəfə tullanmalıdır. Eyni bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə tullanmaq lazımdır. Novruz tonqalının üstünə heç vaxt su tökmürlər. Tonqal özü sönəndən sonra oğlanlar və qızlar onun külünü yığıb evdən uzağa aparırlar. Bu o deməkdir ki, bütün pisliklər həmin külə qarışaraq gedir.
Novruz günlərində arx üstündən tullanmaq ötən ildə edilmiş günahları yumaq deməkdir. Belə bir adət də var: İlin son gecəsində adamlar bir-birinin üstünə su çiləyirlər. Xalqın inamına görə, axır çərşənbə gecəsi çaylar və arxlar dayanır, hamı və hər şey, hətta ağaclar da yerə əyilərək suya təzim edirlər. Yeni il axşamında kim bu sudan içərsə, o, xəstələnməz. Novruzun zirvəsi köhnə ilin öz səlahiyyətlərini yeni ilə təhvil verməsidir. Qədimdən yaranmış ənənələrə görə, həmin vaxtda Novruzun şərəfinə toplardan və tüfənglərdən atəş açırlar.
N.Dubrovin hələ XIX əsrdə bu barədə yazırdı: "Azərbaycanda baharın gəlməsini şəhərlərdə və kəndlərdə toplardan açılan yaylım atəşi ilə bildirirdilər."
Azərbaycanda Novruz bayramı şərəfinə təntənələrdə iştirak etmiş Adam Oleari isə yazırdı: "Münəccim astronomik cihazdan və Günəş saatından istifadə etməklə Günəşin hündürlüyünü təyin edərək, gecə ilə gündüzün bərabərləşdiyi anda bildirdi: "Təzə il gəldi." Elə həmin anda şəhər qüllələrindəki toplardan yaylım atəşi açıldı, qala divarlarından musiqi sədaları eşidildi. Beləliklə, Bahar bayramı başlandı."
Ənənəyə görə, bayramın birinci günündə hər kəs öz evində olmalıdır. Xalq içində deyərlər: "Əgər Novruzun birinci günündə öz evində olmasan, yeddi il evinə həsrət qalacaqsan." Keçmişdə Novruz bayramı günündə evin bayır qapısı, bir qayda olaraq bağlanmırdı. Novruzun birinci günü bütün gecə işıq yanır, çünki işığın sönməsi bədbəxtlik əlamətidir. Kəndlilər Novruz bayramını qeyd edərkən yeni ilin quraqlıq, yoxsa yağmurlu, məhsuldar, yoxsa qıt olacağını müəyyən edirlər. Ənənəyə görə, Novruzun birinci günü bahar, ikinci günü yay, üçüncü günü payız və dördüncü günü qış hesab edilir. Əgər birinci gün hava küləksiz və aydın olsa, deməli, il məhsuldar olacaq. Novruz insanların çox xoşladığı, onlara şən ovqat bəxş edən bayramdır. Novruz Azərbaycan xalqının ənənəvi dəyərlərini özündə əks etdirən bayramdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB