Bütün sahələrdə olduğu kimi, ölkəmizdə idman sahəsinə də xüsusi diqqət və qayğı göstərilməkdədir. Xüsusilə, son 10 il ərzində Azərbaycanda idmanın inkişafı və tərəqqisi istiqamətində ölkə rəhbərliyi tərəfindən uğurlara və nailiyyətlərə hesablanmış çoxsaylı addımlar atılıb. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində üçrəngli bayrağımız beynəlxalq idman arenalarında yüksəklərə ucaldılmaqdadır. Mövzu ilə bağlı millət vəkili, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, professor Ağacan Abiyevin SİA-ya verdiyi müsahibəsində bu və digər məsələrə aydınlıq gətirdi:
- Ağacan müəllim, Azərbaycanda bütün sahələrdə olduğu kimi idman sahəsində də davamlı olaraq uğurlar, nailiyyətlər əldə edilməkdədir. Siz bu kimi faktorları necə dəyərləndirirsiniz?
- Ölkəmizin bütün idman ictimaiyyəti Cənab İlham Əliyevin diqqət və qayğısını yüksək qiymətləndirir. Məhz dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti Cənab İlham Əliyevin Azərbaycan idman hərəkatına göstərdiyi dəstəyin nəticəsidir ki, idmanımız bu məqama qədər yüksəlib. İdmanımız yüksələn xətlə ildən-ilə inkişaf edir və uğurlu nəticələr göstərir. İdmançılarımızın hər il keçirilən beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında qazandıqları medalların sayı 800-ə çatıb. Gənclərin idmana axını hələ Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi zamandan başlayıb. 2000-ci il Sidney Olimpiya Oyunları zamanı idmançıların dövlət səviyyəsində yola salınıb qarşılanınması təşkil edildi, eyni zamanda orada uğur qazanan idmançılar müxtəlif mükafatlarla, medallarla təltif edildilər. Bu da bir növ gənclərimizin idmana marağının artırılmasına stimul verdi. Paytaxt Bakı ilə yanaşı Azərbaycanın bütün regionlarında 40-dan artıq olimpiya kompleksi tikilib idmançıların istifadəsinə verilib. Beş olimpiya kompleksi isə tikilməkdədir. Bu idman komleksləri də gənclərimizə idmanla məşğul olmağa köməklik göstərir.
Dünya miqyasında sahəsinə görə kiçik bir ölkənin bu qədər Olimpiya Kompleksi varsa, bu da Azərbaycanın idman ölkəsi olmasının ən bariz nümunəsidir. Cənab İlham Əliyev hər zaman öz çıxışlarında da qeyd edib ki, bizim istəyimiz idmançılarımızın beynəlxalq yarışlarda qələbə qazanaraq medallar əldə etmələri ilə yanaşı sağlam böyümələridir. Azərbaycanın London Olimpiya oyunlarında 10 medal qazanaraq dünya dövlətləri sırasında 30-cu yerə layiq görülməsi sözün əsl mənasında ölkəmizdə olimpiya hərəkatının güclənməsindən xəbər verir.
- Bildiyimiz kimi, artıq I Avropa Oyunları Azərbaycanda keçirilməsi böyük tarixi hadisə olmaqla yanaşı, bu tarixi hadisənin reallaşmasına da az vaxt qalıb. Bununla bağlı hazırlıqların nəticəsi barədə nə deyə bilərsiniz?
- Bu böyük tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğrudan da tarixi hadisədir. Çünki bu vaxta qədər Avropa Oyunları keçirilməmişdir və ilk oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur. Qeyd etmək istəyirəm ki, Azərbaycan bu oyunları yüksək səviyyədə keçirəcəkdir. Beləliklə, Bakı şəhəri birinci oyunların keçirilməsində böyük xidmətlərinə görə Avropa Oyunlarının tarixinə daxil ediləcəkdir. Bu qərarın qəbul edilməsində bir neçə amil öz rolunu oynamışdır. İlk növbədə, ölkəmizin beynəlxalq nüfuzu öz rolunu oynamışdır. Azərbaycan bu gün dünyada böyük hörmətə malik olan bir ölkədir. Dünya birliyində bizim rolumuz, təsir imkanlarımız artır və dünya birliyi Azərbaycana böyük hörmətlə və ehtiramla yanaşır. Azərbaycanda uzun illər ictimai-siyasi sabitlik hökm sürür. Bu çox vacibdir. Ölkəmizin dinamik, uğurlu inkişafı üçün ictimai-siyasi sabitlik çox mühüm rol oynayır və Azərbaycan bu baxımdan nümunəvi ölkə kimi dünyada özünü təsdiqləyibdir. Bir daha demək istəyirəm ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar böyük tarixi hadisədir. Bu, bizə göstərilən böyük inamdır, böyük etimaddır, böyük hörmətdir, eyni zamanda, üzərimizə düşən böyük məsuliyyətdir. Mən şübhə etmirəm ki, biz bu sınaqdan da uğurla və şərəflə çıxacağıq, bu oyunları yüksək səviyyədə keçirəcəyik. Çünki bununla bağlı yaradılan təşkilat komitəsi hər zaman aparılan işlərlə yaxından tanış olur. Komitənin Sədri ölkənin birinci xanımı Mehriban Əliyevanın sədrliyi ilə mütəmadi olaraq toplantılar keçirilərək müzakirələr aparılır, işlərin hansı müstəvidə irəlilədiyinə nəzər salınır. Əlavə olaraq, Avropa Olimpiya Komitəsinin nümayəndələri də ölkəmizə təşrif buyuraraq aparılan işlərlə tanış olur və iştirak edirlər. Bizimlə yanaşı Avropa bu oyunların yüksək səviyyədə keçirilməsində maraqlıdır. Qısa zaman ərzində idman komplekslərinin yüksək standartlara cavab verəcək şəkildə hazırlanması dövlətin bu sahəyə göstərdiyi diqqətin daha bir nümunəsidir.
- 2015-ci il Avropa Oyunlarının ilk dəfə olaraq, Azərbaycanda keçirilməsi gələcəkdə yay Olimpiya oyunlarının da ölkəmizdə keçirilməsinə gətirib çıxara bilərmi?
- Təbii ki, idmanda qazanılan bu qədər uğurdan sonra Olimpiya Oyunlarının ölkəmizdə keçirilməsi gözlənilən haldır. Bir neçə il öncə Masallıda olimpiya kompleksinin açılışı zamanı Avropa Olimpiya komitəsinin sədri Patrik Xiki fikir bildirərkən, Azərbaycanı Avropanın Olimpiya mərkəzi kimi təqdim etdi. İnanıram ki, 2015-ci ildə Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi ümumdünya Olimpiya oyunlarının da ölkəmizdə keçirilməsi şansına kifayət qədər təkan verəcək.
- Ağacan müəllim, İdman Akademiyasında 2015-ci ildə hansı yeniliklərə imza atılıb?
- Akademiyamızın çox böyük v tarixi var. 1930-cu ildə Zaqafqaziyada ilk bədən tərbiyəsi institutu kimi fəaliyyətə başlayan akademiyada bu illər ərzində strukturda müəyyən dəyişikliklər həyata keçirilib. Azərbaycanın təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiya etdiyi bir zamanda biz də çalışırıq ki, bu sistemə uyğunlaşaq və bu yöndə işlərimizi quraq. Məzunlarımızın Avropada və Amerikada rahat işləməsi üçün akademiyada islahatlar keçirilir. Misal olaraq birini göstərmək istərdim. Belə ki, bizim qiymətləndirmə sistemimiz Avropa universitetlərinin qiymətləndirmə sistemindən çox fərqlənir. Bunun üçün də sistemli şəkildə işlər həyata keçiririk ki, eynilik yaradaq.
Digər bir məqama da toxunmaq istərdim ki, Ulu Öndər Heydər Əliyev bütün sahələrə olduğu kimi, idmana da çox böyük qayğı ilə yanaşmışdı. Bugünkü Azərbaycan idmanının dünyada tanınan yüksək səviyyəsi də məhz bu diqqət və qayğıdan qaynaqlanır. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev bütün idmançıları bir araya toplayaraq onların diqqətinə çatdırdı ki, bu gündən sonra idmana qayğını öz üzərinə götürür. Ulu Öndər vurğuladı ki, siz idmançılar bu diqqəti hər zaman hiss edəcəksiniz. Elə o gündən Ulu Öndər Heydər Əliyevin idmana göstərdiyi qayğı və diqqəti hər zaman hiss etmişik. İdman növlərinin artması, gənclərin idmana axını Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi zamandan başlayıb. Bu gün Prezident İlham Əliyev həm ölkə başçısı, həm də Milli Olimpiya Komitəsinin prezidenti kimi idmanımıza böyük diqqət göstərir. Təsadüfi deyil ki, 204 ölkə içində Azərbaycan idmançıları 30-cu yerdədirlər. bu gün müasir Azərbaycan gəncliyi müstəqil respublikamızın maraqlarının təmin edilməsinə, idmançılarımız isə beynəlxalq yarışlarda dövlətimizin bayrağının daim uca tutulmasına, himninin səsləndirilməsinə nail olmalıdırlar. Gündən-günə inkişaf edən respublikamızın uğurlarına qısqanclıqla yanaşan qüvvələr hər cəhddə ölkəmizin nüfuzuna xələl gətirməyə çalışırlar. Ancaq hər bir azərbaycanlı, xüsusən də gənclərimiz, harada olmasından asılı olmayaraq, müstəqil Azərbaycanın milli mənafeyini qorumalı, inkişafı və qüdrətlənməsi üçün həmişə təhsildə uğurlar qazanmalı və əzmlə çalışmalıdırlar.
- Bəzi beynlxalq təşkilatlar bu oyunların keçirilməməsi üçün dəridən-qabıqdan çıxır, qərəzlli bəyanatlar yayır və bu kimi digər təəssüfdoğurucu fikirlər səsləndirirlər. Sizcə, onlar bu istəklərinə nail ola bilərlərmi?
- Əsla belə deyil! Bu kimi məsələni yalnız Beynəlxalq Olimpiya Komitəsinin üzvlərindən olan bir ölkə qaldıra bilər və hansısa siyasiləşmiş qərəzli təşkilat bunu edə bilməz. Ümumiyyətlə, bu cür fikirlərlə çıxış etmək utancvericidir. Təəssüf edirəm ki, adlarını azərbaycanlı qoyub bu kimi qərəzli bəyanatlardan sevinən daxili rəqiblərimiz də var. Ancaq onlar anlamalıdırlar ki, boykotdan söhbət gedə bilməz! 80-ci illərdə Moskvada Olimpiya oyunları keçiriləndə kapitalist ölkələri olan ABŞ, Fransa, İngiltərə, Yaponya bu oyunları boykot edərək orada iştirak etmədilər. Amma buna baxmayaraq Olimpiya oyunları yüksək səviyyədə keçirildi. O ki, qaldı ölkə daxilində, ya da xaricində kiminsə boykot etməsinə bu ümumiyyətlə absurd səslənir.
Hazırlaşdığımız Avropa Oyunlarını boykot etmək istəyən bir ölkə var idi. O da təcavüzkar, düşmən ölkə olan Ermənistan idi. Onlar bunu gözü götürməməzlikdən etmək istəyirdi. Onlara cavabı da Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax verdi. O Bakıya gəlməzdən öncə İrəvana səfər etdi və onların Bakıda keçiriləcək Avropa Oyunlarını baykot edəcəkləri təqdirdə cavablarının veriləcəyini söylədi.
Ümumiyyətlə, Avropa Oyunları və Olimpiya hərəkatı dünyaya sülh gətirir. Olimpiya oyunlarının dünyada savaşı dayandırdığı, sülhə yol açdığı bir dövrdə bu cür insanların, təşkilatların varlığı bizi təəssüfləndirir. Olimpiyanın ən vacib fəlsəfəsi xalqların sülh çərçivəsində yaşamasıdır. Azərbaycan həm də bir sülh çağırışçısı olan ölkə kimi Avropa Oyunlarında öz sözünü deyəcək.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB