Təcrübə-Sənaye Zavodunda yenidənqurma işləri aparılıb

Təcrübə-Sənaye Zavodunda yenidənqurma işləri aparılıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Təcrübə-Sənaye Zavodunda yenidənqurma işləri aparılıb. SİA-nın məlumatına görə, AMEA prezidenti, akademik Akif Əlizadə görülən işlərlə yerində tanış olub. AMEA rəhbərinə zavodun ərazisində müalicəvi və təbii ağ naftalan yağının alınması qurğusu, istehsal gücü və əhəmiyyəti haqqında məlumat verilib. Qeyd olunub ki, iki ay müddətində sözügedən qurğunun tam istifadəyə verilməsi nəzərdə tutulub. Sonra akademik Akif Əlizadə yerli xammal bazasına əsaslanan və müasir tələblərə cavab verən plastik sürtkü materiallarının istehsalı qurğusunun açılışında iştirak edib. Açılışda rəmzi lent kəsildikdən sonra qurğu işə salınıb.

Tədbirdə Təcrübə-Sənaye Zavodunun ərazisində, həmçinin sexlərdə aparılmış təmir-tikinti və yenidənqurma işləri nəticəsində "Solidol", "Litol 24" və "Floran YP-2" də daxil olmaqla 8 adda plastik sürtkü materialının, ümumilikdə isə 25 adda məhsulun istehsalına başlanıldığı haqqında məlumat verilib. AMEA rəhbəri zavodda "Bitum adgeziya qatqısı"nın alınması prosesi ilə də tanış olub. Qeyd olunub ki, asfalt-beton örtüklərinin keyfiyyətinin yaxşılaşdırılması və uzunömürlülüyünün artırılması məqsədi ilə istifadə olunacaq qatqının aidiyyatı zavodlarda birbaşa istehsalata tətbiqi mümkündür. Stendlərdə nümayiş olunan məhsullar haqında danışan akademik A.Əlizadə bu məhsulların elmimiz üçün ciddi bir uğur olduğunu vurğulayıb. Sonda görülən işləri yüksək qiymətləndirən AMEA rəhbəri tapşırıq və tövsiyyələrini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə