Elmi seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda Dissertasiya Şurasının elmi seminarı keçirilib. SİA-nın məlumatına görə, seminarda institutun doktorantı Səbinə Mehdiyevanın Genetika ixtisası sahəsində biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Buğda (Triticum L.) və tritikale (× Triticosecale Wittm.) hibridlərində formaəmələgəlmə potensialının tədqiqi" mövzusunda dissertasiya işi müzakirəyə təqdim edilib. Doktorant dissertasiya işinin mövzusuna uyğun olaraq yumşaq və bərk buğdalarla tritikale arasında cinsarası hibridləşmə ilə yanaşı tritikalenin növarası və növdaxili hibridləşmələrindən alınan hibrid populyasiyalarında formaəmələgəlmə prosesinin tədqiqi üzrə apardığı elmi araşdırmalarından və əldə etdiyi elmi-praktik nəticələr haqda məruzə edib. Elmi seminarın sədri biologiya üzrə fəlsəfə doktoru Hamlet Sadıqov, rəyçilər biologiya üzrə elmlər doktoru Hacı Şıxlinski, biologiya üzrə fəlsəfə doktoru Sabir Həsənov olub.

Bütün xəbərlər Facebook səhifəmizdə