Psixoloq: “Həkimə getmək vərdiş halı alıb” Münasibət

Psixoloq: “Həkimə getmək vərdiş halı alıb” Münasibət

"İnsanların klinikalara müxtəlif yanaşmalarının əsasında psixoloji səbəblərdən başqa, informasiya durur. Çünki keyfiyyətsiz xidmət göstərən klinikaların sayı hədsiz sayda çoxdur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Dəyanət Rzayev deyib.

Onun sözlərinə görə, dövlət xəstəxanalarında kifayət qədər savadlı həkimlər olmasına baxmayaraq insanlar özəl klinikalara üz tuturlar. Burada qiymətlərin bahalı olduğunu gördüklərində isə xaricə gedirlər. Halbuki dövlət xəstəxanalarında müayinə pulsuzdur: "Nəyə görə bu gün özəl klinikaların sayı artır və bunların hamısı nədən irəli gəlir sualına isə mən belə cavab verərdim: Dövlət klinikalarında çalışan həkimlərin sayı, onların savadı və peşəkarlığı az deyil. Çox yüksək səviyyədə həkimlər var. Həmin özəl klinikalarda da azərbaycanlılar işlədiyinə görə elə də fərq etmir. Halbuki dövlət klinikalarında xidmət pulsuzdur. Vətəndaşların xaricə üz tutma səbəbi isə, orda müəyyənləşmiş standartların daha yüksək olması, bəzi əməliyyatların daha yüksək və keyfiyyətli olmasından irəli gəlir. Hansı şəxsin maddi imkanı zəif olur onlar İrana üz tutur. Çünkü orda xidmət daha ucuz, keyfiyyət isə daha yüksəkdir. Lakin Azərbaycanda özəl klinikaların qiymətləri həddindən artıq bahadır. Düzdür həkimin maaşı yüksək olmalıdır amma əgər İranda xidmət ucuz və keyfiyyətlidirsə insanlar ora gedəcəklər, bunun qarşısını almaq mümkün deyil".

Psixoloq qeyd etdi ki, özəl klinikaların reklam olunması da insanlarda psixoloji olaraq aura formalaşdırır. Halbuki reklamların çoxu yalandır. Bundan başqa klinikalar insanlardan pul almaq üçün bəzən lazım olmayan aparatlarla müayinə aparırlar: "Klinikanın reklam olunması ilə çoxu yalan danışır. Bu yalanların da ömrü uzun olmur. Çünkü bu gün bir qiymət deyir, sabah isə başqa qiymət deyir. Özəl klinikalarda lazımsız analizlərə, aparatlara əlavə xərclər ödənir ki, bunlar da lazımsızdır. Qanuni olaraq ehtiyac varsa, o başqa məsələ. Ancaq lazımsız ödəniş almaq üçün də insaflı davransalar yaxşı olar".

İnsanların xaricə üz tutma səbəblərini daha çox ziyarət olaraq qiymətləndirən Dəyanət Rzayev bununla da az məbləğ xərclədiklərini düşündüklərini ifadə edib: "Mənə elə gəlir ki, həkimə getmək insanlarda vərdiş halı alıb. Çünkü klinikalara müraciət edənlərin 50%-i sağlam insanlardır. Buna da psixotematika deyilir. İnsanlar çox zaman psixoloji ağrılarla can ağrılarını səhv salır. Həkimə ödəniş edib dərmanları ala bilmirlər. Bu da maddi problemə çevrilir. Ona görə də az məbləğ sərf etməklə xaricə getmək bu baxımdan sərfəlidir ki, insanlar həm gəzir, həm həkim müayinələrindən keçir, həm də dərmanlarını ala bilirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə