Postmodern və multikulturalizm kitabı işıq üzü görüb

Postmodern və multikulturalizm kitabı işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Roida Rzayevanın "Postmodern və multikulturalizm: fənnlərarası diskurs" adlı növbəti kitabı işıq üzü görüb. SİA-nın məlumatına görə, monoqrafiya postmodern fenomeni, onun törəmə sözləri və multikulturalizmin fənlərarası təhlilinə həsr olunub.Kitab müəllifin ayrı-ayrı kitabların fəsillərində və beynəlxalq nəşrlərdə dərc edilmiş tədqiqatının davamıdır. Belə ki, alimin bu istiqamətdə ilk araşdırmaları 2001-ci ilə aiddir. Tədqiqatların ayrı-ayrı müddəaları müəllifin Azərbaycan, Türkiyə türkcəsi, rus və ingilis dillərində Respublika və xarici nəşrlərdə dərc olunmuş 120-dən çox əsərində öz əksini tapıb. Araşdırmanın nəticələri 15 ölkədə (İngiltərə, İtaliya, Fransa, Cənubi Koreya, Yunanıstan, Danimarka, Türkiyə,

Rusiya, Litva, Kipr, Belarus və s.) beynəlxalq konfranslarda məruzə edilib. Tədqiqatın metadili (açar dili) kimi fəlsəfi təhlildən istifadə olunub. Nəşrdə postmodernin və müasir fəlsəfənin bir sıra problemlərinin analizi ilə yanaşı, multikulturalizmin elmi-metodoloji tərəfləri və onun postmodernizmin fəlsəfi əsasları ilə əlaqəsi işıqlandırılıb. Kitabda müasir cəmiyyət və şüur, fənlərarası dialoq, poststrukturalizm, dialoqun fəlsəfəsi, modernin postmodernlə əlaqəsi, postmoderndə qlokallaşma, dekonstruksiya, "Başqası" və s. məsələlər təhlil olunub. Monoqrafiya aktual və olduqca mübahisəli problemə, Azərbaycan elmi ədəbiyyatında az tədqiq edilmiş müasir Qərb fəlsəfəsi, xüsusilə Qərbin müasir fəlsəfi təmayülləri, cərəyanları və onların Qərbdən başqa sahə və cəmiyyətlərə ekstrapolyasiya edilməsi məsələləri kontekstində konseptual və sosial inikas olaraq postmodernizmə həsr olunub. Postmodernizmin paradiqmal təhlilinin tərkib hissələri kimi qeyd olunan bəzi müddəalar və tezislər isə tədqiqatın ikinci cildində inkişaf etdiriləcək. Kitab Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən alimlərə, postmodernizm və multikulturalizm anlayışları ilə bu və ya digər dərəcədə əlaqədar proseslərin problematikasını tədqiq edən mütəxəssislərə tövsiyyə olunub. Monoqrafiya dərs vəsaiti kimi də istifadə oluna bilər. Məlumat üçün onu da bildirək ki, bu araşdırmadan öncə mövzu ilə əlaqədar Roida Rzayevanın Türkiyə türkcəsində "Rus və Azərbaycan qaynaqlarında türk modernləşməsi" adlı monoqrafiyasının, 2014-cü ildə isə İngiltərənin Kembric Skolars Pablişinq nəşriyyatının (Cambridge Scholars Publishing) kitabında və Oksfordda nəşr olunan topluda ingilis dilində fəsilləri çap olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə