14 mart tarixində IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatının birgə həyata keçirdiyi "Uşaqlar üçün laboratoriya" layihəsi çərçivəsində növbəti təlim keçirilib. SİA-nın xəbərinə görə, baharın gəlişi və Novruz bayramı ərəfəsində təşkil olunmuş treninq təbiətin oyanması, bitkilərin çiçək açması, heyvanlar aləmində müşahidə olunan canlanma və yaz fəslinin ilk ayına münasib olan digər təbiət hadisələrinə həsr olunub. Təlimin gedişində "gənc təbiətsevərlərə" bitkilər üçün həyati əhəmiyyət kəsb edən fotosintez prosesi izah edilib, bir sıra güllərin daxili və xarici quruluşu haqqında ətraflı məlumat verilib. Uşaqlar üçün yaradılan kiçik laboratoriyada onlar Novruz bayramının simvolu olan səməninin əkilməsi və yetişdirilməsinin sirlərinə yiyələnib, həmçinin təbii şəkildə güllərdən ətirlərin hazırlanması prosesini müşahidə ediblər.
Laboratoriyanın ənənəsinə uyğun olaraq, mart təlimi zamanı uşaqlar üçün mövzuya uyğun müxtəlif əyləncəli və intellektual oyunlar təşkil edilib.
Mart laboratoriyası zamanı, uşaqlar təbiət hadisələri haqqında faydalı biliklər əldə etməklə və əyləncəli gün keçirməklə yanaşı, milli adət-ənənələrimizlə daha yaxından tanış olublar.
IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatının birgə həyata keçirdiyi "Uşaqlar üçün laboratoriya" layihəsi çərçivəsində təşkil olunan təlimlər barədə mütəmadi olaraq mətbuatda elanlar verilir.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən IDEA Resurs Mərkəzində təşkil olunan təlimlərdə iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB