Bu gün Bakıda Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiyasiyası (AIESEC)- in təşkil etdiyi start upfest layihəsinin açılış tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbir müəyyən biznes sahəsinə başlamaq istəyən gənclərin dəyərli təcrübə və faydalı məsləhətlər əldə etməsi məqsədilə təşkil olunub. Start-upfest dünyanın müxtəlif yerlərindən olan müvəffəqiyyət qazanmış AIESEC məzunları və yerli iş adamlarının iştirakı ilə keçirilən tədbirdir. Tədbirin məqsədi gənclərlə dünya biznesinin öndə gələn simaları arasında əlaqə quraraq Azərbaycan gəncliyinin gələcək inkişaf perspektivlərinə fayda verməkdən ibarətdir. Layihənin təşkil olunmasında ən əsas maraqlardan biri də yeni iş ideyaları axtaran Azərbaycan gənclərini düzgün istiqamətləndirmək və ən əsası tələbələr üçün yeni imkanlar yaratmaqdır. Layihə çərçivəsində xaricdən gələn peşəkar natiqlər müxtəlif mühazirələrlə çıxış edəcəklər.
Tədbirdə çıxış edən Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Səbuhi Rzayev qeyd edib ki, start upfest layihəsi ölkəmizdə təşkil olunan ilk belə layihə deyil. Bundan öncə də Azərbaycan gəncliyinin düzgün istiqamətləndirilməsi üçün bir sıra layihələr təşkil olunub: "Bu cür layihələri həm dövlətimiz, həm də bir çox özəl təşkilatlar dəstəkləyirlər. Arzu edərdim ki, gənclərimiz bu cür festivallardan yetərincə bəhrələnsinlər. Çünki təşkil olunan bu tədbirlər hər bir gəncin gələcəklə bağlı planlarına və onların iş ideyalarına müsbət mənada xeyli təsir göstərə bilər".
Daha sonra çıxış edən Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev bildirib ki, gənclərin özlərini fərdi şəkildə inkişaf etdirə bilməsi üçün bu cür layihələrin xeyli önəmi var. O həmçinin qeyd edib ki, keçirilən tədbir gənclərlə investorlar arasında əlaqə yaratmaq üçün unikal əhəmiyyət daşıyır.
Sonra çıxış edən Azərbaycan Republikasının Gənclər Təşkilatlarının Milli Şurasının sədri Şahin Seyidzadə də öz növbəsində festivalın önəminə diqqət çəkib. O qeyd edib ki, Azərbaycan gəncliyinin uğurlu gələcəyinə istiqamət vermək üçün bu layihələrin əhəmiyyəti böyükdür: "Bu gün bu festivalda iştirak edən gənclərimiz əminəm ki, layihə çərçivəsində çox böyük təcrübə toplayacaqlar. Əlbəttə ki, bu cür layihələrin nəticəsini də bir neçə ildən sonra görmək mümkün olacaq. Ümumiyyətlə, günü-gündən inkişaf edən ölkəmizdə bilikli və bacarıqlı gənclərin yetişməsi üçün çox münbit şərait yaradılıb. Hər bir Azərbaycan gənci də təşkil olunan bu cür layihələrdə iştirak edərək, təcrübəli bir kadr kimi formalaşaraq gələcəyə doğru inamla addımlaya bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB