Qida məhsulları yeni metodlarla tədqiq olunacaq

2014-cü ildən başlayaraq Almaniyanın Milli Metrologiya İnstitutunun (PTB) layihə koordinatoru Morits Akkermanın rəhbərliyi ilə "Cənubi Qafqaz ölkələrində qida məhsullarının tədqiqinin gücləndirilməsi və onların metrologiyası" proqramı çərçivəsində layihəyə start verilib. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən xəbərə görə, layihənin əsas məqsədi qida məhsullarının sınağında beynəlxalq metodların istifadəsinin genişləndirilməsidir. 3 il ərzində davam etməsi planlaşdırılan layihədə Azərbaycanı təmsil etmək üçün DGK-nın Mərkəzi Gömrük Ekspertizası İdarəsinə yer verilib. Layihə əsasən ekspertlərin qarşılıqlı olaraq ildə iki dəfə Almaniya və Azərbaycandakı laboratoriyalarda, universitetlərdə keçiriləcək treninq, seminar və laboratoriyaların beynəlxalq peşəkarlıq testlərində iştirakı prinsipini daşıyır.

Mərkəzi Gömrük Ekspertizası İdarəsinin ekspertləri indiyədək bu layihə üzrə təşkil olunmuş 4 treninqdə iştirak ediblər. İlk treninq Berlin şəhərində keçirilib. Bu treninqdə ölkəmizi DGK Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi Mehriban Əlizadə təmsil edib.

M. Əlizadə bildirib ki, bu treninqdə əsas diqqət mikrobiologiya mövzularına yönəldilib, bakteriyaların insan orqanizmində törədəcəyi əks təsirlərdən, mikrobioloji sınaqların vacibliyindən və onların daha da inkişaf etdirilməsi ilə bağlı yeni sınaqlar və metodlardan bəhs olunub. Tanışlıq və iş prinsipini öyrənmək məqsədilə mikrobioloji sınaqlarla məşğul olan bir neçə laboratoriyaya baxış keçirilib.

Növbəti treninq İdnştayn şəhərində yerləşən "Hochschule Fresenius" Universitetində keçirilib. Treninqdə Mərkəzi Gömrük Ekspertizası İdarəsinin mütəxəssislərindən Nurlanə Məmmədli və Vüsalə Allahverdiyeva iştirak ediblər. Mühazirə və təcrübi olmaqla iki hissədən ibarət olan treninqdə əvvəl sınaqların nəticələrinin daha müasir metodlarla hesablanma qaydaları, validasiya metodları, keyfiyyətli nəticələrin əldə olunması üçün müasir üsullarla sınaqların aparılması, akkreditasiya sahəsində inkişaf etmək üçün müvafiq mövzularda mühazirələr oxunub. Təcrübi hissədə isə ekspertlər tərəfindən bir neçə yeni metodla sınaqlar aparılıb. Əsasən yeyinti məhsullarında, balıq konservlərində ağır metallar qrupuna daxil olan kadmiumun miqdarının təyini, balda antibiotiklərin yeni, az xərc tələb edən və dərhal nəticə əldə edilən "Elise" testləri ilə təyini, bitki yağlarının növünün və yod ədədinin təyi­ninə və dərman preparatlarında parasitamolun və vitamin C-nin miqdarının müəyyən edilməsinə diqqət yetirilib.

Bu layihə çərçivəsində Gürcüstanda mikrobioloji tədqiqatlar mövzusunda keçirilən növbəti treninqdə Mərkəzi Gömrük Ekspertizası İdarəsinin mütəxəssisləri Aynur Sadıqova və Samirə Axundova iştirak ediblər. Treninqdə mikrobiologiyada ən yeni metodlar, mikrobioloji analizlər üçün ümumi tələblər, təhlükəsizlik şərtləri, gigiyena, avadanlıq, mikrobioloji tədqiqatlar üçün bioloji təhlükəsizlik boksu, laboratoriya avadanlıqlarından düzgün istifadə qaydası, nümunənin götürülməsi, daşınması və saxlanılması, mikrobioloji metodun validasiyası məsələlərinə toxunulub. Ekspertlər "Qida mühitləri - onların hazırlanması, saxlanılması və sterilizasiyası" metodu üzrə sınaqlar keçiriblər.

Layihə öz işini İdnştaynda yerləşən "Hochschule Fresenius" Universitetində növbəti treninqlə davam etdirib. Treninqdə daha çox nümunə hazırlığının yeni üsullarına diqqət yetirilib və sınaqların düzgünlüyünün əsasını düzgün seçilmiş nümunə hazırlığı metodunun təşkil etdiyi vurğulanıb. Mövzu müxtəlif növ sınaqlarla ətraflı izah olunub. Qida məhlullarında 3 parametr - şokoladda kofeinin miqdarının, yağlarda polisiklik aromatik karbohidrogenlərin və çörəkdə ağır metal qrupuna daxil olan qurğu­şu­nun təyini üzrə sınaqları aparılıb. Bu sınaqlar nəticəsində nümunə hazırlığı üsul­larında yeniliklər öyrənilib.

M. Əlizadə bildirib ki, indiyə qədər bu layihə çərçivəsində təşkil olunan treninqlər Mərkəzi Gömrük Ekspertizası İdarəsinin ekspertləri üçün çox faydalı olub. Belə ki, layihə vasitəsilə akkreditasiya sahəsində öyrənilən yeniliklərin tətbiqi və ekspertlərin zəhməti nəticəsində İSO/İEC 17025:2005 Beynəlxalq Standartı üzrə Mərkəzi Gömrük Ekspertizası İdarəsi Latviya Milli Akkreditasiya Bürosundan akkreditasiya sertifikatı alıb.

Layihə çərçivəsində əldə olunan biliklərin və təcrübələrin vasitəsilə Mərkəzi Gömrük Ekspertizası İdarəsi akkreditasiya sahəsini genişləndirmək məqsədi ilə tədbirləri davam etdirəcək. Laboratoriyada yeni metodların tətbiqi üzrə tədbirlərə artıq start verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...