Çaylarda vəziyyət necədir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-190, Kiçik Qafqazın çaylarında 90-150, Lənkəran-Astara bölgəsi çaylarında 90-200, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Martın 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 175 m3/s olmaqla ongünlük normanın 66 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 216 m3/s olmaqla ongünlük normanın 81 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 76 m3/s olmaqla, ongünlük normanın 81 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 50 m3/s təşkil edərək ongünlük normanın 53 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Martın 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində və Salyanda 10, Şirvanda 12, Bankədə və Araz çayının Novruzlu məntəqəsində isə 4 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 376 sm (2014-cü il martın 13-də 306 sm), Şirvanda 253 sm (2014-cü il martın 13-də 139 sm), Salyanda 217 sm (2014-cü il martın 13-də 78 sm), Bankədə 199 sm (2014-cü il martın 13-də 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 134 sm (2014-cü il martın 13-də 72 sm) təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə