Elimizə, obamıza bahar gəlir. Torpaq qış yuxusundan oyanır, çöllər yaşıllaşır. Xalqımızın gözəl adət-ənənələrindən biri də Novruz bayramı ərəfəsində təmizlik, abadlıq, yaşıllaşdırma işləri ilə məşğul olmaq, bağ-bağata qulluq etməkdir. Əhali torpağa üz tutur, bağları, bağçaları belləyir, əkin-səpin aparır.
SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, bu Novruz günlərində yurdumuzun hər yerində olduğu kimi, Astara rayonunda da ötən ilin sentyabr ayından başlayan ağacəkmə kampaniyası yenidən sürətlə davam etdirilir. Artıq bir neçə gündür ki, rayonun şəhər, qəsəbə və kəndlərində əhali hamılıqla əkin-səpin işlərinə başlayıb, yaşayış məntəqələrində kütləvi ağacəkmə kampaniyasına qoşulub.
Martın 12-də Astara rayonunun bütün idarə və təşkilatlarının, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin kollektivləri öz ərazilərində abadlıq, səliqə-sahman yaradıb, yüzlərlə yerli, ekzotik və bəzək ağacları əkiblər.
Astara şəhərində, Kijəbə və Ərçivan qəsəbələrində, Kakalos, Siyaku, Şiyəkəran, Şuvi, Şahağac kəndlərində yerləşən park və xiyabanlarda səliqə-sahman yaradılıb, ağaclar əkilib, əvvəlki illərdə əkilən yaşıllıqlara qulluq göstərilib. Ağacəkmə kompaniyasında Meşə Mühafizəsi və Bərpası, Suvarma Sistemləri İdarəsinin, 52 saylı yol istismar sahəsinin və digər idarələrin, ümumtəhsil məktəblərinin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və bələdiyyələrin kollektivləri daha çox fəallıq göstəriblər.
Novruz bayramına qədər rayonun bütün yaşayış məntəqələrində iməcilik yolu ilə ağacəkmə kompaniyası davam etdiriləcəkdir.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB