“Azərbaycan multikulturalizmi” fənni dünya universitetlərində

“Azərbaycan multikulturalizmi” fənni dünya universitetlərində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə yaratdığı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi qısa zaman ərzində Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği ilə bağlı bir sıra mühüm işlərin icrasına başlamışdır. SİA-nın Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, öncə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri Kamal Abdullayevin ideya və təşəbbüsü ilə "Multikulturalizmə Giriş" və "Azərbaycan Multikulturalizmi" fənləri yaradıldı və hər iki fənn üzrə tədris proqramları hazırlanaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq olundu.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin imkanları hesabına xarici ölkə universitetləri ilə bu fənlərin tədrisi haqda danışıqlar aparıldı və ilkin mərhələdə ona yaxın universitet təklifi müsbət qarşıladı.

Tədrisinə başlanacaq fənlər yeni olduğundan bu fənləri tələbələrə çatdıracaq müəllimlərin hazırlığını da öz üzərinə götürən Mərkəz ölkəmizin tanınmış alimləri və xaricdən dəvət etdiyi mütəxəssislərlə birgə müntəzəm treyninqlərə başladı. Treyninq zamanı mütəxəssislər dinləyicilərə "Multikulturalizmə Giriş" və "Azərbaycan Multikulturalizmi" fənlərinin tədris proqramlarının əsasında mühazirələr oxuyur, onları lazımi dərs materialları ilə təmin edir və sonda imtahanda onların biliklərini yoxlayırlar. İmtahandan uğurla keçənlərə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən sertifikat verilir. Treyninqlərdə "Multikulturalizmə Giriş" və "Azərbaycan Multikulturalizmi" fənlərini tədris edəcək müəllimlərin hazırlanması bu sahədəki hazırki tələbatı müəyyən dərəcədə qarşılaya bilmişdir.

Hal-hazırda 7 xarici ölkə universitetində "Azərbaycan Multikulturalizmi" fənni tədris olunur. Bu universitetlər aşağıdakılardır: Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti; İvan Cavaxişvili adına Tbilisi Dövlət Universiteti; Ural Federal Universitetinin Yekaterinburq filialı (Yekaterinburq, Rusiya Federasiyası); Litva Pedaqoji Universiteti; Praqa Karlov Universiteti (Çexiya Respublikası); Roma Sapienza Universiteti (İtaliya) və Belarus Dövlət Universiteti.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə "Azərbaycan Multikulturalizmi" fənninin tədris olunması ilə bağlı rəsmi müraciətlərə əsasən növbəti tədris ilinin I semestrində dərslərə başlamaq üçün Vürsburq Universiteti (Almaniya Federativ Respublikası), Frayburq Universiteti (İsveçrə Konfederasiyası), Sakarya Universiteti (Türkiyə Cümhuriyyəti), Doğu Akdeniz Universiteti (Şimali Kipr Türk Respublikası), Lutsk Milli Texniki Universiteti (Ukrayna Respublikası) öz rəsmi müraciətlərini göndərmişdir. Hazırda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Vatikan Sileza Universiteti (İtaliya Respublikası), Auqsburq Universiteti (Almaniya Federativ Respublikası) və İNALCO Universiteti (Dövlət Şərq Dilləri və Sivilizasiyaları İnstitutu, Fransa Respublikası) ilə bu istiqamətdə danışıqlar aparır.

Xatırladaq ki, "Multikulturalizmə Giriş" və "Azərbaycan Multikulturalizmi" fənləri paralel olaraq ölkəmizdəki ali təhsil ocaqlarının bakalavr və magistr pillələrində də tədris edilməyə başlanılmışdır.

Dövlət müşaviri Kamal Abdullayev bu fənlərin ölkənin bir sıra ali təhsil ocaqlarında tədris olunmasının təşkilinə dair Azərbaycan Respublikasının Təhsil Nazirliyinə etdiyi müraciət qəbul olunmuş və "Multikulturalizmə Giriş", "Azərbaycan Multikulturalizmi" fənləri Azərbaycan İqtisad Universitetində, Bakı Ali Neft Məktəbində, Bakı Slavyan Universitetində, Gəncə Dövlət Universitetində, Naxçıvan Dövlət Universitetində, Lənkəran Dövlət Universitetində və Azərbaycan Texniki Universitetində tədris olunmağa başlanmışdır.

Azərbaycanın dünyaya başqa bir rakursdan təqdimatına xidmət edən bu fənlərin tədrisinin coğrafiyasının genişlənməsi akademik səpkidə daha bir addımın atılmasını zəruri etmişdir. Belə ki, Bakı Slavyan Universitetinin elmi şurasının üzvü, akademik Kamal Abdullayevin təşəbbüsü universitetin Elmi Şurasında "Azərbaycan Multikulturalizmi" kafedrasının yaradılması haqqında qərar qəbul edilmişdir. Universitetində yaradılmış kafedrada BSU-nun bütün ixtisaslarında bakalavr pilləsində "Multikulturalizmə giriş", regionşünaslıq (ölkəşünaslıq) ixtisasında, "ixtisas ölkələrinin mədəniyyəti və incəsənəti", "ixtisas ölkələrinin etnoqrafiyası", "ixtisas ölkələrinin ictimai fikir tarixi", "ixtisas ölkələrinin etnopsixologiyası", "müqayisəli ədədbiyyat" və s. fənnlər tədris olunmaqdadır. Magistratura pilləsində isə "Azərbaycan multikulturalizmi" fənni ilə yanaşı, "ədəbi komprotivistika" və müxtəlif ixtisaslaşmalara uyğun fənlərin tədrisi nəzərdə tutulur. Bundan əlavə, kafedrada multikulturalizm üzrə buraxılış işləri, magistr və doktorluq dissertasiyalarının yerinə yetirilməsi planlaşdırılır.

Kafedranın tərkibi yuxarıda adları çəkilən sahələr üzrə kifayət qədər elmi-pedoqoji təcrübəyə malik olan mütəxəssislərdən formalaşdırılıb. Qeyd etmək lazımdır ki, BSU-da yaradılan kafedra respublikada ilk olduğuna görə gələcəkdə digər ali təhsil müəssissələrində yaradılacaq bu qəbildən olan kafedralara elmi-metodik yardım göstərəcəkdir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində yaxın gələcəkdə həm xaricdə, həm də ölkəmizdəki ali təhsil ocaqlarında "Multikulturalizmə Giriş", "Azərbaycan Multikulturalizmi" fənlərinin tədrisi daha da genişlənəcək və Ölkə Prezidenti cənab İlham Əliyevin "Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq" təşəbbüsü öz real həllini tapacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə