Könüllü pensiya təminatı sahəsində qanunvericilik bazası yaradılır

Könüllü pensiya təminatı sahəsində qanunvericilik bazası yaradılır

Bu gün Azərbaycanın sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi, qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması sahəsində Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Avropa İttifaqının birgə layihəsinin icra vəziyyəti barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə DSMF-də brifinq-təqdimat keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən layihə rəhbəri, DSMF-nin şöbə müdiri Nigar Pənahova görülmüş işlər barədə məlumat verərək qeyd edib ki, təsdiq olunmuş fəaliyyət planına müvafiq olaraq, ötən dövrdə Avropa İttifaqının ekspertlər qrupunun ölkəmizə çoxsaylı səfərləri çərçivəsində Azərbaycanda mövcud iqtisadi və demoqrafik vəziyyət, qanunvericilik, maliyyə və sığorta-pensiya sistemi öyrənilib, geniş araşdırma işləri aparılıb, eləcə də DSMF ilə, habelə müxtəlif dövlət orqanları və sair qurumlarla görüşlər keçirilib: "Layihənin fəaliyyət göstərdiyi ötən dövr ərzində ekspertlərin və DSMF-nin nümayəndələrinin iştirakı ilə təşkil olunmuş seminarlarda Azərbaycan və Avropa İttifaqına daxil olan bir sıra ölkələrin sosial sığorta və pensiya təminatı sistemləri ilə bağlı geniş təqdimatlar edilib, qeyd edilən sistemlərin xüsusiyyətləri barədə ətraflı müzakirələr aparılıb. Ekspertlərin səfəri çərçivəsində həmçinin layihə üzrə nəzərdə tutulan qanunvericiliyin hazırlanması üçün ilkin planın konseptual aspektləri ilə bağlı ətraflı müzakirlər təşkil olunub".

Tədbirdə vurğulanıb ki, hazırda layihənin icrasını həyata keçirən beynəlxalq ekspertlər yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlı qanunvericiliyin ilkin planının layihəsi üzərində işləyir.

Brifinq-təqdimatda layihənin icrası haqqında geniş təqdimatla çıxış edən rezident müşavir Aqrita Qroza layihənin uğurla davam etdirildiyini deyib. Aqrita Qroza fəaliyyət planında nəzərdə tutulmuş hər bir komponent üzrə yerinə yetirilmiş işlər, layihənin icrasına cəlb olunmuş beynəlxalq ekspertlər, növbəti aylar üçün təsdiq olunmuş iş qrafiki barədə məlumatları brifinq iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra layihə üzrə almaniyalı ekspert, professor Heis-Ditrix Şteinmeyer beynəlxalq təcrübəyə əsasən çoxsəviyyəli pensiya təminatı sisteminin yaradılması üzrə mümkün həll yolları, yığım komponentinin tətbiq edilməsi və qeyri-dövlət pensiya fondlarının formalaşdırılması ilə əlaqədar beynəlxalq təcrübədə tətbiq edilmiş mexanizmlər və modellər, həmçinin özəl pensiya fondlarının yaradılması və könüllü sığortalanmanın əhəmiyyəti məsələlərinə həsr olunmuş geniş təqdimatla çıxış edib.

Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, layihənin reallaşdırılması ilə ölkəmizdə dövlət pensiya təminatı sistemində real yığım komponentinin, eləcə də qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaqdır. Müəyyən edilmiş prosedur qaydalarına uyğun olaraq layihənin həyata keçirilməsi üçün təsdiq olunan müqavilə ötən ilin aprel ayında qüvvəyə minib. 5 iyun 2014-cü il tarixdə bir sıra Avropa dövlətlərinin səfirləri, beynəlxalq təşkilatların, DSMF və digər dövlət qurumlarının rəhbər şəxsləri və səlahiyyətli nümayəndələrinin iştirakı ilə layihənin təqdimatı keçirilib. Layihə üzrə işlərin 2015-ci ilin noyabr ayında başa çatdırılması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə