Əli Əlizadə: "Azərbaycan-İran əlaqələri yüksək dərəcədə inkişaf edir" MÜSAHİBƏ
Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadənin İranın "Dəniznews.ir" saytında müsahibəsi dərc olunub. Həmin müsahibəni oxuculara təqdim edirik.
- Cənab baş konsul, xahiş edirik özünüz haqda qısa məluat verərdiz, neçə ildir Təbrizdəsiz, Təbrizliləri necə görürsünüz, Təbrizlə bağlı xatirələriniz?
- Artıq 5-ci ildir Təbrizdəyəm. Bu 5 il ərzində İranın müəyyən yerlərində omuşam, paytaxdan tutmuş bəzi vilayət mərkəzləri, müəyyən şəhərlərədək. İran, xüsusən Baş Konsulluğun fəaliyyət dairəsində olan vilayətlərin hər biri ilə bağlı xoş xatirələrim var, o cümlədən Şərqi Azərbaycan Vilayətilə. Tehranda, Şərqi və Qərbi Azərbaycan, həmçinin Ərdəbil və Gilan Vilayətlərində yaxşı dostlarım, həmkarlarım var, bu vilayətlərə səfərlərimiz, keçirilmiş xoş görüşlərimiz çox olub. Qonaqpərvər və istiqanlı insanları var. Təbriz isə yaşadığımız və daimi fəaliyyət göstərdiyimiz şəhər kimi daha yaxın olub bizə, ikinci övladım bu şəhərdə dünyaya gəlib və bu tarixi şəhərdə yaşayıb fəaliyyət göstərmək mənim üçün maraqlı və sözsüz ki şərəflidir. Adət ənənələrimiz, milli-mənəvi dəyərlərimiz, dilimiz, dinimiz birdir və bu səbəbdən xoş və maraqlı xatirələri yaradan hallar da çox olubdur.
- İran-Azərbaycan hərtərəfli əlaqələrini necə görürsünüz?
- Azərbaycan-İran əlaqələrinin tarixi kökləri, əsasları vardır. Düzdür müxtəlif enişli-yoxuşlu vaxtları da olubdur əlaqələrimizin. Lakin müasir Azərbaycan-İran əlaqələri faydalı əməkdaşlığa, dostluğa, qarşılıqlı hörmətə və etimada əsaslanan əlaqələrdir, bu əlaqələr mütəmadi səmimi münasibətə dayanmalı və həyata keçirilməlidir. Sevindirici haldır ki, hər iki ölkənin rəhbərlərinin güclü iradəsi ilə əlaqələrimiz günü-gündən daha da inkişaf edir. Şəxsi istəyimizlə yanaşı, bir diplomat olaraq da bizim qarşımıza həmişə Azərbaycan-İran əlaqələrinin genişləndirilməsi, artırılması tapşırığı, vəzifəsi ölkə rəhbərliyimiz tərəfindən daim qoyulur və tələb edilir. Eyni zamanda bu əzmi iranlı həmkarlarımızda da görürük. İki ölkə xalqlarının münasibətlərində daim hiss edirik. Ümumilikdə Azərbaycan-İran əlaqərinin hazırkı vəziyyətinin yuksələn istiqamətdə inkişaf etdiyi qənaətindəyəm və hər iki tərəfdə olan bütün bu xoş niyyətlər, yanaşmalar əlaqələrimizin perspektivlərinin də uğurlu olacağı əminliyini yaradır.
- Ermənistan-Azərbaycan münaqişəsində, Azərbaycanın işğalda qalmış ərazilərinin azad edilməsində qonşu ölkələrin, xüsusən İranın nə rolu ola bilər?
- Ermənistan təcavüzkar ölkədir. Müasir Azərbaycan torpaqlarının 20 %-ni işğal etmiş, bu torpaqlarda etnik təmizləmə məqsədilə Xocalı Soqırımı kimi misli görünməmiş kütləvi qırğınlar törətmiş, günahsız insanları, qoca, qadın uşaqları amansızcasına qətlə yetirmiş, bu tarixi Azərbaycan torpaqlarında azərbaycanlılara, müsəlmanlara aid bir cox məscidləri, dini abidələri, islam mədəniyyətinə aid olan bütün ocaqları demək olar ki dağıtmış, təhqirə məruz qoymuş ölkədir. Onun təcavüzkar olmasını, qədim Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsini beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər beynəlxalq təşkilatların qəbul etdikləri sənədlər də təsdiq edir. Azərbaycana qarşı törədilmiş işğal, təcavüz və qanlı etnik təmizləmə əməllərinə görə beynəlxalq hüquq və BMT nizamnaməsi əsasında Ermənistan təcavüzkar dövlət kimi bütün meyarlar üzrə sanksiyaların tətbiq edilməli olduğu ölkədir. Artıq nə bizim üçün, nə də dünya ictimaiyyəti üçün, o cümlədən ATƏT-in Minsk qrupu üçün də sirr deyil ki, Ermənistan münaqişənin sülh yolu ilə həllini istəmir. Ermənistan istəyir ki, bu münaqişə öz həllini tapmasın və işğal edilmiş torpaqlardan çıxmasın, vasitəçilər isə təəsüf ki, buna biganə yanaşırlar. Bu səbədən də təcavüzkar ölkə kimi Ermənistana qarşı dünya və xüsusən qonşu ölkələrin təzyiqləri mütəmadi göstərilməlidir, Ermənistana qarşı ciddi sanksiyalar qəbul edilməlidir, ermənilərin tarix boyu bir cox ölkələrdə həyata keçirdiyi Xocalı Soyqırımı kimi qətliamlar qonşu ölkələrdə daha çox üzə çıxarılmalıdır, tanınmalıdır, Ermənistan BMT-nin, digər beynəlxalq təşkilatların qətnamələrinin qeyri-şərtsiz yerinə yetirilməsinə məcbur edilməlidir. Biz məmnunuq ki, İran hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin tərəfdarı olub və bunu hər zaman vurğulayır. Vaxtıilə İran Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etməsini də tərəflərə təklif etmişdir. Azərbaycan dövləti həmin dövrdə öz razılığını vermişdir, lakin Ermənistan buna razılıq verməmişdir. Bu da Ermənistanın bir daha qeyri konstruktivliyini subut edir və bütün bu amillər Ermənistana qarşı ciddi tədbirlərin görülməsinin zəruri olduğunu göstərir.
- Azərbaycan-İran xalqlarının inamları, ənənələri, bayramları, toy-yasları və şənlikləri barədə nə deyə bilərsiz?
- Bu haqda saatlara, hətta günlərlə danışmaq olar. Bayaqda qeyd etdiyim kimi, bizim bir çox ortaq adət ənənələrimiz, milli-mənəvi dəyərlərimiz var, dilimiz, dinimiz birdir. Həm Azərbaycan, həm İran zəngin mədəniyyətə malikdirlər. Müqəddəs Ramazan, Qurban bayramları kimi inanclarımız var, dunyaca məşhur Novruz Bayramı kimi bayramlarımız, el şənliklərimiz mövcuddur, yaslarımız, toylarımız oxşardır, hər iki ölkədə boyuyə, kiçiyə hörmət var. Hər iki ölkədə mövcud olan bu cür zəngin mədəniyyətin, milli-mənəvi dəyərlərin, adət ənənələrin ancaq təbliğ olunmasını, dünyada tanıdılması gərəkdiyini deyə bilərəm. Bu işlərin müştərək də həyata keçirilə biləcəyi imkanlarının olduğunu deyə bilərəm. Bu mədəniyyətin bir cox xalqlara, dövlətlərə nümunə ola biləcəyini qeyd edə bilərəm və fəxrlə qeyd olunası dəyərlərimiz kifayət qədərdir.
- Şərqi Azərbaycan Vilayətinin dövlət dairələri, rəsmiləri ilə əməkdaşlığınız, münasibətləriniz necədir?
- Çox yaxşı. Çox isti və qarşılıqlı hörmətə, dostluğa əsaslanan əməkdaşlığımız, münasibətlərimiz mövcuddur. Bir çoxları ilə hətta yaxın dostluğumuz da var. Ümumiyyətlə Baş Konsulluğumuzun fəaliyyət dairəsində yerləşən bütün vilayətlərin məsul şəxsləri ilə münasibətlərimiz yüksək səviyyədədir.
- Baş Konsulluğun əməkdaşları haqqında, Baş Konsulluqda və ya başqa yerlərdə Azərbaycanla bağlı keçirdiyiniz tədbirlər haqqında nə deyə bilərsiz?
- Mehriban kollektivimiz var. Yaxşı, işgüzar, savadlı, İranı yaxından tanıyan, bilən, hörmətlə yanaşan diplomatlarımız, əməkdaşlarımız var. Tədbirlərimiz də çox olur. 20 Yanvar-Ümumxalq Hüzn Günü, Xocalı Soyqırımı, Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı tədbirlərimizi mütəmadi olaraq hər il müxtəlif formatlarda keçiririk. 28 May-Respublika Günü ilə bağlı rəsmi qəbul və tədbirlərimiz hər il baş tutur. Ulu öndər H.Əliyevin doğum və anım günlərini daim keçiririk. Azərbaycanın Dövlət Müstəqilliyi Günü, Milli Qurtuluş Günü, Dövlət Bayrağı Günü, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının yaradılması Günü kimi yubiley tədbirlərimiz də olub. Tədbirlərə İran rəsmiləri, şəhər ictimaiyyəti də dəvət olunur və hörmətlə iştirak edirlər.
İran tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə viza ləğv edilib, burada bir söz var ki, viza məsələsi Azərbaycan tərəfindən də götürülsə İran vətəndaşları daha çox Azərbaycana səfər edərlər və xalqların əlaqələri daha artıq genişlənər. Sizin fikrinizi bilmək istərdik.
Viza rejiminin sadələşdirilməsi istiqamətində Azərbaycan tərəfindən işlər mütəmadi aparılır. Əgər əvvəllər vizalar qısa müddətli verilirdisə hal-hazırda İran vətəndaşlarına 2 aylıq etibarlığı olan viza verilir və cox sadə qaydada rəsmiləşdirilir, yəni bürokratik əngəllər olmadan. Azərbaycana səfər edən əcnəbi vətəndaşlar üçün qeydiyyatla bağlı müddət 3 gündən 10 günədək artırılıb. Həmçinin, bilirsiniz ki, ötən ildən başlayaraq Azərbaycanın Naxçıvan Muxtar Respublikasına səfər edən İran vətəndaşları üçün gediş-gəliş qaydaları xeyli sadələşdirilib, hazırda İran vətəndaşları üçün keçid viza əsasında deyil, sərhədlərdə verilən müvafiq giriş icazəsi əsasında həyata keçirilir. Bütün bu işlər Azərbaycanda aparılan vahid miqrasiya siyasəti çərivəsində tədricən həyata keçirilir və vətəndaşların Azərbaycana rahat gediş-gəlişinin təmin olunmasına xidmət edir və ölkəmizin də bu məsələdə xoş niyyətini göstərir.
- Şübhəsiz ki, keçən 25 ildə İran və Azərbaycan rəhbərləri, xüsusilə Ayətullah Xamenei və Heydər Əliyev və indiki dövrdə İlham Əliyev cənabları iki millətin dostluğu istiqamətində hərəkət ediblər. Amma buna baxmayaraq ikitərəfli münasibətləri qarışdırmaq istəyənlərdə vardır, xüsusən xarici ölkələrdə, bu haqda Siz nə deyə bilərsiniz?
- Düzdür belə cəhdlər ara-sıra olubdur. Lakin qeyd etdiyim kimi Azərbaycan-İran əlaqələrinin tarixi kökləri, əsasları vardır və hazırkı İran-Azərbaycan əlaqələri əməkdaşlığa, dostluğa, mehriban qonşuluğa, hörmətə və etimada əsaslanan əlaqələrdir və hər iki ölkənin rəhbərlərinin müdrikliyi, güclü iradəsi ilə ara-sıra münasibətlərimizə xələl gətirmək istəyən qüvvələrin cəhdlərinin qarşısı alınmış və bu gələcəkdə də əminik ki, belə olacaqdır.
- Münasibətlərin sıx olmasında medianın və mətbuatın nə rolu ola bilər?
- Münasibətlərin inkişafında kütləvi informasiya vasitələrinin rolu böyükdür və mətbuat nümayəndələri bu yöndə daha səylə çalışmalıdırlar. Əsassız, həqiqətə uyğun olmayan xəbərlərin yayımlanmasından çəkinməlidirlər, iki ölkə əlaqələrinin genişlənməsinə xidmət edən xəbər materiallarının yayımlanmasına daha çox yer verməlidirlər və sevindirici haldır ki, hər iki ölkənin əksər kütləvi informasiya vasitələri bu yöndə işlərini qururlar. Mən təşəkkür edirəm müsahibənizə görə. Dəniz qəzeti və saytı da Azərbaycan-İran əlaqələrinin, əməkdaşlığının işıqlandırılmasında müsbət rol oynayır. Bunu təqdirəlayiq hesab edirik və işlərinizdə daim uğurların hakim olmasını arzulayırıq. Qarşıdan milli mənəvi dəyərlərimizi özündə təcəssüm etdirən bayram-Novruz Bayramı gəlir. Bu münasibətlə mən hər iki ölkənin əziz xalqlarını, o cümlədən, Baş Konsulluğun fəaliyyət dairəsində olan vilayətlərin bütün sakinlərini, dövlət rəsmilərini, ictimaiyyət nümayəndələrini, Sizi və ümumilikdə hamını təbrik edirəm, bu yeni ildə hamıya əmin-amanlıq, ruzi-bərəkət arzulayıram.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB