Ah bu qadınlar, qadınlar

Qadın... Bütün bəşəriyyətin qarşısında diz çökdüyü nəcib məxluq... Qadın anadır, qadın bacı, həyat yoldaşı, övladdır. Bu zərif məxluqlar daim sevib-sevilməyə, qayğıya ehtiyacı olan incə vücudlardır ki, onların daxilində hansı fırtınaların qopduğunu hələ heç bir kişi anlaya bilməyib. Yeganə canlıdır ki, beyinlərində başqa fikirlər dolaşır amma dilləri digər sözlər ifadə edir. Ona görə də bu varlıqları anlamaq çox müşkül məsələdir. Niyə? Nə üçün? Buna cavabım yalnız bu ola bilər. Qadınlar heç özləri özlərindən nəyisə anlamaqda çətinlik çəkirlər. Bəzən sevgi, bəzən xoşbəxtlik istəyən bu gözəl xanımlar əslində qəlbən nə istədiklərini, nəyin uğrunda mübarizə apardıqlarını bilmədən hey şikayətlənirlər. Qarşı cinsin nümayəndəsindən diqqət və qayğı tələb etdiyimiz halda, bəzən onların diqqətlərindən şikayətlənir, guya aşırı dərəcədə olduğundan gileylənirik. Bu siyahını hələ çox sadalaya bilərik amma bütün xırdalıqlarımızı açıb tökə bilmərik inciməyin kişilər.

Qadından, onların xırda-para sirlərindən əbəs yerə bəhs etmədik. Belə ki, bu günlərdə dünya qadınları, o cümlədən də Azərbaycan qadını 8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd etməyə hazırlaşır. Bu günü biz qadınlar xüsusilə təmtəraqla, canfəşanlıqla gözləyirik. Gözləyirik ona görə yox ki, özümüz özümüzü sevindirək, sıradan bayram deyib üstündən işıq sürəti ilə ötüb keçək Gözləyirik ona görə ki, qarşı cinsin nümayəndələrinə on bir ay 29 gündə göstərdiyimiz nəvazişin əvəzini heç olmasa bir günlə əvəz edək. Biz qadınların əlində olsa elə 12 ayın bütün günlərini bayram elan edərik. Axı bizlər bir balaca kişilərə əziyyət verməkdən həzz alırıq. Yeri gəlmişkən bu bayramın hansı zərurətdən yarandığını, yaranma səbəblərini araşdıranda həzz, kişi, sevgi, nəvaziş falan arxa plana keçir. Bir balaca düşüncəyə dalırıq. 8 Mart bayramının necə yaranmasını xatırlamağa çalışırıq. 8 Mart Beynəlxalq Qadınlar Gününün bayram edilməsi Klara Setkin adlı bir xanımın imzası ilə tarixə həkk olunub. 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən 2-ci Beynəlxalq Konfransında qərara alınan bu bayramı ilk dəfə olaraq 1911-ci ildə Avstriya qeyd etdi. Daha sonra Danimarka, Almaniya və İsveçrədə qeyd olunan qadınlar günü Azərbaycanın da bir zamanlar daxilində olduğu çar Rusiyasında 1913-cü ildə dövlət səviyyəli bayram kimi gündəmə gəldi. Bəzi tarixçilər və sosioloqlar hələ də bu sual ətrafında düşünürlər. Nəyə görə Klara Setkinin seçimi məhz 8 mart olub? Kimdir Klara Setkin? Axı həmin tarixdə heç bir əhəmiyyətli hadisə baş verməyib. Elə buna görə də Klara Setkinin seçimi geniş araşdırmaya səbəb olub. Bəzi tarixçilər belə qənaətə gəliblər ki, əslən yəhudi millətindən olan Setkinin təklif etdiyi gün – 8 mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst-üstə düşür.

Bu gün güclü cinsin nümayəndələri ətraflarındakı qadınlara diqqət və qayğı, sevgilərini nümayiş etdirirlər. Qadınlara gül-çiçək, müxtəlif hədiyyələr, həmçinin gözəl sözlər, şeirlər hədiyyə edirlər. Tarixin bu günündə irqindən, milliyətindən, yaşından asılı olmayaraq bütün qadınlar özlərini hamıdan xoşbəxt, gözəl və ən əsası arzulanan qadın kimi hiss edir. Arzu edərdik ki, gözəl qadınlarımız hər zaman belə təravətli, gözəl ən əsası isə daim arzulanan qadın kimi özünüzü hiss edəsiniz. Siz kişilər yalnız bir söz, bir ifadə qalır. Gülümsəyin!!!

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə