Bu gün Lənkəranda "Şah" şadlıq sarayında 8 Mart - Beynəlxalq Qadınlar gününə həsr olunmuş bayram şənliyi keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısıTaleh Qaraşov, İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayonun müxtəlif sahələrində çalışan qadınlar iştirak edirdilər.
Bayram mərasimində çıxış edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov qadınları bayram münasibətilə təbrik etdi. Bildirdi ki, Azərbaycan qadınları tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, fəallıq, yenilməzlik nümunəsi göstərmiş, cəmiyyətin bütün sferalarında fəallıq göstərməklə yanaşı, öz milli xüsusiyyətlərini, ülvi, ali hisslərini qoruyub saxlamışlar. İcra başçısı əlavə etdi ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra qadınların ölkəmizin ictimai-siyasi, mədəni həyatında fəal iştirakına daha geniş yer verilib, qadınlar dövlət quruculuğu işlərinə cəlb olunublar. Ümummilli liderin bu siyasəti möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Taleh Qaraşov sonda vurğulayıb ki, respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da qadınlar rayonun ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək uğurla həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərinə öz töhfələrini verirlər. Sonra Taleh Qaraşov bir qrup qadına rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim etdi.
Lənkəranın incəsənət ustalarının ifa etdikləri şən, oynaq musiqi nömrələri, "Nənələr" folklor qrupunun nəğmələri, N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyorlarının ifa etdiyi səhəcik, 4 nömrəli məktəb-liseyin şagirdlərinin,12 saylı uşaq bağçasının fidanlarının nümayiş etdirdiyi rəqs nümunələri şənliyə xüsusi rəng qatdı. Şirniyyat stolu arxasında keçən şənlik hamıya gözəl ovqat, sevinc duyğuları bəxş etdi.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB