Azad, bərabər hüquqlu, inkişaf etmiş müasir Azərbaycan qadını dövlət qadın siyasətinin parlaq təzahürüdür. Bu sözlər YAP İsmayıllı rayon təşkilatının 8 mart "Beynəlxalq qadınlar günü" münasibətilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllim və tələbə kollektivi ilə keçirdiyi birgə tədbirdə səsləndirilmişdir.
Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd etdi ki, tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz qadınların adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Dövlət quruculuğunda onun yüksək ehtirama layiq mövqeyi bu gün qeyd edilən bayramı Ulu öndər Heydər Əliyevin müstəqillik ideyası ətrafında sıx birləşən xalqımızın və cəmiyyətimizin bayramına çevirmişdir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman - zaman təsdiq etmişdir. Müasir Azərbaycan qadını da öz soykökünə, xalqının mənəvi dəyərlərinə, adətlərinə sadiq, nəsillərin varisliyini təmin edən, tarixi ənənələri qoruyan, onu daha da zənginləşdirərək sabaha ötürmək iqtidarında olan bir insandır.
Natiq qeyd etdi ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Onun dövlət qadın siyasəti haqqında tarixi qərarından məqsəd cəmiyyətdə qadınların rolunun artırılmasına, qadınlarla kişilər arasında bərabərliyin gerçəkləşdirilməsinə, qadınların ictimai-siyasi proseslərə cəlb edilməsinə, qadın problemlərinin həllinə nail olmaq idi. Bu, dövlətin qadınlara münasibətinin, demokratik, bərabər imkanlara malik cəmiyyətin yaradılmasının göstəricisi idi.
Dövlət Qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır. İndi Azərbaycan qadınının cəmiyyətdə yeri, nüfuzu, ona münasibət çox ucadır. Qadın hüquqlarının təmin edilməsi sahəsində möhkəm hüquqi baza mövcuddur. Qadınların ictimai-siyasi həyatdakı fəallığı ilbəil artır. Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir, mötəbər kürsülərdn çıxış edir. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Qərb dünyası Mehriban xanım Əliyevanın timsalında Şərqin ağıllı, müdrik, peşəkar bir siyasətçisinin obrazını görür. Azərbaycan qadınları isə alicənablıq, nəciblik, humanistlik nümunəsi, xoş məramlar, xoş niyyətlər carçısı olan liderlərinin simasında öz bayraqdarlarını görürlər. 2004-cü ilin mayından ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram, ideyalarını yaşatmaq arzusu ilə yaradılan, onun
adını daşıyan fonda rəhbərlik etməklə humanist ideyaların təbliğatçısına çevrilən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən proqram və layihələr Azərbaycan təhsilinin, mədəniyyətinin qarşısında yaşıl işıq yandırdı. Azərbaycanın Birinci xanımının hərtərəfli paralq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Onun təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafına verdiyi töhfələr təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də böyük hörmətlə qarşılanır. Mehriban xanım Əliyeva çox sayda nüfuzlu beynəlxalq təşkilatların və dövlətlərin ali mükafatlarına layiq görülüb.
Fərəhləndirici haldır ki, Azərbaycan gəncliyinin layiqli nümayəndəsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da Azərbaycanın tanıdılması, Qarabağ həqiqətləri haqqında gerçəyin dünyaya çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərir. Onun təşəbbüsü ilə keçirilən tədbirlər həm də Azərbaycan gənclərinin potensialından xəbər verir.Natiq çıxışının sonunda tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi.
Tədbirdə çıxış edən İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktor əvəzi Sevda Qasımova qeyd etdi ki, gözəl ana kimi gənclərimizin vətənə və torpağa bağlılıq, müstəqil dövlətçiliyimizə, istiqlal ideallarına və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda formalaşmaları üçün bütün qüvvələrini sərf edən qadınlar, həm də maarifpərvər qadın ziyalılarımızın yolunu ləyaqətlə davam etdirərək, mədəniyyət, elm, təhsil, səhiyyə və digər istiqamətlərdə istedad və bacarıqlarını daha böyük əzmlə gerçəkləşdirirlər. Ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni sahələrində qadınların apardığı səmərəli işlərin bəhrələri yurdumuzun hər bir guşəsində özünü aydın şəkildə büruzə verir.
Çıxış edən kollecin əyani şöbəsinin müdiri Azad Şahalıyev, tələbə gənclər təşkilatının sədri Rahid Rəcəbli və başqaları qadınlarımızın ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında oynadığı roldan, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi naminə gördüyü işlərdən danışdılar.Onlar qeyd etdilər ki, bu gün Azərbaycan qadını ölkə reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında öz fəaliyyəti ilə heç də kişlərdən geri qalmırlar.Ölkəmizdə həyata keçirilən dövlət qadın siyasəti qadınların bilik və bacarığından, onların liderlik keyfiyyətlərindən lazımınca istifadəsinə öz töhvələrini verməkdədir.Bu gün əminliklə söyləmək olar ki, azad, bərabər hüquqlu, inkişaf etmiş müasir Azərbaycan qadını dövlət qadın siyasətinin parlaq təzahürüdür.
Tədbirdə kollecin tələbələrinin ifasında qadınlara həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB