“Vətəni sevmək nə deməkdir?”

“Vətəni sevmək nə deməkdir?”

Bu gün Bakı Slavyan Universiteti və Gənclərin Töhfəsi İctimai Birliyinin birgə təşəbbüsü ilə vətənpərvərlik mövzusuna həsr edilmiş musiqili tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ilk öncə dövlət himni səsləndirilib daha sonra vətən uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən BSU-nun rektoru, professor Asif Hacıyev və Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev hazırda Azərbaycanın ən böyük problemi olan Qarabağ məsələsi barədə danışaraq gəncləri vətənpərvər, mübariz olmağa səsləyiblər. Tədbirdə iştirak edən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş, Qarabağ müharibəsi zamanı kəşfiyyat-diversiya dəstəsinin komandiri olan İbad Hüseynov, müharibə veteranı Arif Məhərrəmov, müharibə qaziləri Nərminə Abasquliyeva, Sevda Səfərova Qarabağ uğrunda gedən döyüşlərdə baş verən hadisələri gənclərə xatırladıb, öz təəssüratlarını bölüşüblər.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Ağalar Bayramov, "Mübariz vətənpərvərlər klubu"nun sədri Sahil Abuşov, Azərbaycanda Kempo Federasiyasının prezidenti Rauf İbrahimov mərasimdə ordumuzun dünəni, bu günü, Azərbaycanın idman sahəsində qazandığı uğurlardan danışıblar.

Tədbir çərçivəsində Gənclərin Töhfəsi İctimai Birliyinin Layihə və Proqramlaşdırma Departamentinin direktoru Aytən Süleymanovanın hazırladığı vətənpərvərlik hissini aşılayan qısa metrajlı film nümayiş olunub, milli ruhlu musiqi nömrələri səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə