YAP Xəzər rayon təşkilatı Qadınlar Günü münasibətilə tədbir keçirib

YAP Xəzər rayon təşkilatı Qadınlar Günü münasibətilə tədbir keçirib

Bu gün Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva və rayonun ictimai-siyasi, mədəni həyatında fəallığı seçilən qadınlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib. Bildirib ki, qadın bəşəriyyətə ana və ilk tərbiyəçidir: "Qadınlar həm cəmiyyətdə, həm də ailədə xüsusi rola malikdirlər. Harada qadın varsa, orada səliqə, sahman, nizam-intizam var. Bu gün cəmiyyəti qadınsız təsəvvür etmək mümkün deyil".

N. Əhmədov vurğulayıb ki, şərqdə ilk dəfə səsvermə hüququna malik Azərbaycan qadınının sorağı indi ən möhtəşəm beynəlxalq təşkilatlardan gəlir.

Çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov da qadınları əlamətdar gün və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib, fəaliyyətlərində uğurlar arzu edib.

Azərbaycanda qadın siyasətindən danışan G. İslamov vurğulayıb ki, Müstəqil Azərbaycan dövlətinin qadın siyasəti bir sıra dünya ölkələri üçün nümunə təşkil edir.

Qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edən Milli Məclisin deputatı Rauf Əliyev əlamətdar günün yaranma səbəbindən söhbət açıb.

Qeyd edib ki, bu tarix Azərbaycanda qadınlara göstərilə diqqətin və qayğının tərənnümü kimi qəbul olunur.

Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva isə qadınlara göstərilən diqqətə görə dərin təşəkkürünü bildirib.

Tədbirdə rayonun ictimai-siyasi, mədəni həyatında fəallığı seçilən qadınlardan bir neçəsi çıxış edərək göstərilən diqqətdən məmnun olduqlarını dilə gətiriblər.

Sonda rayonun ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup qadına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə