AMEA-nın Naxçıvan Bölməsi hesabat verib

AMEA-nın Naxçıvan Bölməsi hesabat verib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında Naxçıvan Bölməsinin 2014-cü ilin yekunlarına dair hesabat məruzəsi dinlənilib. SİA-nın məlumatına görə, hesabat ilində aparılan elmi tədqiqatlardan danışan bölmənin sədri, akademik İsmayıl Hacıyev perspektiv istiqamətlər üzrə mühüm nəticələrin əldə olunduğunu vurğulayıb. Eyni zamanda İ.Hacıyev bölmənin AMEA-da aparılan islahatlar, araşdırmaların beynəlxalq elmi-tədqiqat işlərinin səviyyəsinə uyğunlaşdırılması, gənclər siyasətinin dəstəklənməsi, elm və təhsilin inteqrasiyası istiqamətində bir çox işlərin görüldüyünü bildirib. Hesabat ilinin uğurlu nəticələrindən bəhs edən sədr qeyd edib ki, bölmənin müəssisələrində 6 elmi istiqamət üzrə 6 problemi əhatə edən 7 mövzuda 32 elmi-tədqiat işinin aparılması nəzərdə tutulub və 10 mühüm elmi nəticə əldə edilib. Bildirib ki, bölmənin elmi müəssisə və təşkilatlarında 247 nəfər əməkdaş çalışır ki, onlardan 83 nəfəri elmi işçidir. Elmi işçilərdən 2 nəfəri AMEA-nın həqiqi üzvü, 6 nəfəri müxbir üzvü, 4 nəfəri elmlər doktoru və 48 nəfəri fəlsəfə doktorudur.

İnstitutlarda 4 fəlsəfə doktorluğu üzrə dissertasiya işi müvəf­fəqiyyətlə müdafiə edilib, 7 fəlsəfə doktorunun dissertasiyası isə müdafiəyə hazırlanıb. Bu il bölmə əməkdaşlarından 1 nəfər AMEA-nın hə­qi­qi üzvü, 3 nəfər müx­bir üzvü seçilib, 1 nəfər professor, 13 nəfər isə do­sent elmi adı alıb. Hazırda bölmənin institutlarında 23 doktorant və 25 dissertant müvafiq dissertasiya mövzu­ları üzrə fəaliyyət göstə­rirlər.

Sonra hesabatda elmi nəşrlərlə bağlı statistik məlumatlar diqqətə çatdırılıb. Qeyd olunub ki, ötən ildə bölmənin elmi müəssisələrində çalışan əməkdaşların 22 monoqrafiyası, 7 kitabı və 1 dərs vəsaiti, 468 məqalə və konfrans materialı, 3-ü tezis olmaqla 501 elmi əsəri nəşr edilib. Bu əsərlərdən 3 mono­qrafiya, 1 kitab, 169 məqalə və konfrans materialı xaricdə çapdan çıxıb, onlardan 10 məqalə isə impak faktorlu jurnallarda nəşr olunub. 2014-cü ildə bölmə üzrə əməkdaşlar 1 beynəlxalq, 2 respublika paten­ti və 2 müəlliflik şəhadətnaməsi alıb, 6 patent sənədinə isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müsbət rəy verilib. İclasda bölmə üzrə əks olunan əsas elmi nəticələr və statistik məlumatların Akademiyanın illik hesabatına daxil edilməsi barədə qərar qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə