İdris İsayev: “Daha çox qadınlar əmək müqaviləsi bağlayıb” AÇIQLAMA

Ölkədə əmək müqaviləsi bildirişlərinin 53,1 faizi kişilər, 46,9 faizi qadınlar üzrədir
İdris İsayev: “Daha çox qadınlar əmək müqaviləsi bağlayıb” AÇIQLAMA

"Azərbaycanda aktiv əmək müqavilələrinin 37,7 %-i ali təhsilli şəxslərlə, 37,3%-i ümumi təhsilli şəxslərlə, 22,2 %-i orta ixtisas təhsilli şəxslərlə, 2,8%-i ilk peşə-ixtisas təhsilli şəxslərlə bağlanıb". SİA-nın məlumatına görə, bu sözləri bu gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev iqtisadiyyatdakı dəyişikliklərin sosial müdafiə sistemi və əmək bazarına təsirinin müəyyən olunması üçün aparılan monitorinq və qiymətləndirmə işlərinin nəticələri haqqında jurnalistlərə verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, kişilər arasında ən çox müqavilə bağlanılan yaş 25 – 29 arasıdır. Bağlanılan əmək müqavilələrində üstünlüyü qadınlar əldə edib: "Kişilərin yaş qrupları üzrə ən çox əmək müqaviləsi bağlanan şəxslər 25-29 yaş hədlərində (kişilərlə bağlanmış əmək müqavilələrinin 15,6 faizi), qadınlar üzrə isə 50-54 yaş hədlərində (qadınlarla bağlanmış əmək müqavilələrinin 14,1%-i) olanlardır. Bağlanmış əmək müqavilələrinin yaş qrupları üzrə bölgüsündə qadınların xüsusi çəkisi 40-54 yaş hədləri üzrə kişilərdən daha çoxdur. Belə ki, 40-44 yaş qruplarında bağlanılmış 124 377 əmək müqaviləsinin 46,6%-i kişilərin, 53,4%-i qadınların payına düşür. Həmçinin 45-49 yaşlarında olan şəxslərlə bağlanılmış 142 173 əmək müqaviləsinin 45,9%-i kişilərlə, 54,1%-i qadınlarla bağlanıb. 50-54 yaş qruplarında bağlanılmış 162 103 əmək müqaviləsinin 48,4%-i kişilərin payına düşdüyü halda, qadınların payı 51,6%-dir".

İdris İsayev vurğuladı ki, əmək müqavilələri ən çox ali təhsilli şəxslərlə bağlanılıb. Orta təhsilli şəxslərlə əmək müqavilələrinin bağlanılmasında qadınlar açıq – aşkar üstünlüyə malikdir: "ƏMEİS-də bu ayın əvvəlinə aktiv əmək müqavilələrinin 37,7 %-i və ya 476001 ədədi ali təhsilli şəxslərlə, 37,3%-i və ya 470 053 ədədi ümumi təhsilli şəxslərlə, 22,2 %-i və ya 280 100 ədədi orta ixtisas təhsilli şəxslərlə, 2,8%-i və ya 35459 ədədi isə ilk peşə-ixtisas təhsilli şəxslərlə bağlanıb. Əmək müqaviləsi bağlanılmış ümumi təhsilli şəxslərin 9707 nəfəri ibtidai təhsilli, 131285 nəfəri ümumi orta təhsilli, 329061 nəfəri isə tam orta təhsilli şəxslərdir. Təhsil pilləsi üzrə muzdla işləyən şəxslərin cinsə görə bölgüsündə ümumi təhsilli şəxslərin 60,9%-i kişilərin, 39,1%-i qadınların, ali təhsilli şəxslərin 52,2%-i kişilərin, 47,8%-i qadınların, orta ixtisas təhsilli şəxslərin 38,6%-i kişilərin, 61,4%-i qadınların, ilk peşə-ixtisas təhsilli şəxslərin 75,3%- i kişilərin, 24,7%-i qadınların payına düşür".

Nazir müavini kişilər üzrə bağlanan əmək müqavilələrinin ən çoxunun, yəni 30,5%-nin tam orta təhsilli, qadınlar üzrə isə bağlanan əmək müqavilələrinin ən çoxunun , yəni 29,0%- nin isə orta ixtisas təhsilli şəxslərlə bağlandığını bildirib: "Ən çox əmək müqaviləsi təhsil, səhiyyə, sosial xidmətlər, tikinti, ticarət, emal sənayesi sahələri üzrə bağlanıb. Kişilər üzrə ən çox əmək müqaviləsi bağlanan sahələr tikinti, emal sənayesi, təhsil, ticarət, qadınlar üzrə isə təhsil, səhiyyə, sosial xidmətlər, ticarət sahələridir. Təhsil, səhiyyə və sosial xidmətlər sahələrində muzdla işləyənlərin 76%-78%-i qadınlardır".

Bütün xəbərlər Facebook səhifəmizdə