IBM Azərbaycanda nümayəndəlik açır

IBM Azərbaycanda nümayəndəlik açır

Bu gün IBM korporasiyası Bakıda yeni ofisinin açılışını elan edib. SİA-nın məlumatına görə, artmaqda olan müştəri və tərəfdaş ekosisteminə qabaqcıl xidmətlər göstərərək regionda fəaliyyətin genişləndirilməsi IBM-in dünya üzrə inkişaf etməkdə olan bazarlarda mövqeyinin möhkəmlənməsinə yönəlmiş təşəbbüsünün bir hissəsidir. Yeni ofis müştərilərə bulud texnologiyalarının, analitika, mobil və sosial texnologiyaların mənimsənilməsi ilə bağlı xidmətlər göstərəcək.

Tədbirdə çıxış edən Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, "IBM"-in Azərbaycanda nümayəndəliyinin açılması və fəaliyyət göstərməsi ölkənin İKT sektoruna xarici investisiyaların cəlb olunması üzrə milli strategiyanın həyata keçirilməsinə yardımçı olmaqla yanaşı, yerli və xarici şirkətlərlə əməkdaşlığın genişlənməsinə və gələcəkdə möhkəmlənməsinə təkan verəcək.
Daha sonra çıxış edən IBM-in inkişaf edən ölkələr üzrə baş direktoru Eray Yüksək bildirib ki, "IBM" şirkəti inkişaf etməkdə olan bazarlarda fəaliyyətinin genişlənməsinə xüsusi diqqət ayırır: "Yüksək inkişaf tempinə və artmaqda olan rəqabət qabiliyyətliliyə malik bazarların yaratdığı imkanların əhəmiyyətini biz çox yaxşı anlayırıq. Fəaliyyətimizin regional əhalisinin genişləndirilməsi strategiyası uğurla həyata keçirilir və uzunmüddətli xarakter daşıyır. Bu işdə Azərbaycan bizim üçün hakim mövqedə qərarlaşıb".

IBM-in Azərbaycan üzrə baş direktoru İlya Kravtsov isə öz çıxışında bildirib ki, Azərbaycanın islahatlı iqtisadi inkişafı nəticəsində ölkədə qabaqcıl texnologiyalara tələb artır, belə ki, şirkətlər öz fəaliyyətlərini daha effektiv və rəqabətqabiliyyətli etməyə can atırlar: "IBM tərəfindən bu bazarda təklif olunan mütərəqqi məhsullar yüksək tempə malik iqtisadiyyatın inkişafında yeni bir mərhələnin əsasını qoyacaq".

Nəzərinizə çatdıraq ki, IBM şirkətinin Azərbaycanda fəaliyyət göstərən müştəriləri sırasında informasiya texnologiyaları, bank, dövlət sektoru, telekommunikasiya və istehsalat sahələrini təmsil edən şirkətlər var.

Bütün xəbərlər Facebook səhifəmizdə