Azərbaycan alimləri Xocalı soyqırımını tanıdıblar

Azərbaycan alimləri Xocalı soyqırımını tanıdıblar

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutu, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Milli Aviasiya Akademiyasının alimləri Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Türkiyənin bir sıra şəhərlərində keçirilmiş beynəlxalq konfranslarda iştirak ediblər. SİA-nın məlumatına görə, İnstitutun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə, elmi işlər üzrə direktor müavini, hüquq elmləri doktoru, prof. Bəhram Zahidov, şöbə müdiri, hüquq elmləri doktoru, prof. Habil Qurbanov və digər alimlərdən ibarət nümayəndə heyəti Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət" kampaniyasına dəstək məqsədilə ölkənin bir sıra ali məktəblərində təşkil olunmuş tədbirlərə qatılıblar. Fevralın 23-24-də İstanbulda Fatih, İstanbul Texniki və İstanbul universitetlərində, 25-də Ankarada Qazi Universitetində, 26-da Qaziantepdə Zirvə Universitetində, 27-də Qəhrəmanmaraşda Südçü İmam Universitetində, 28-də isə Kayseridə Məlikşah Universitetində alimlərin məruzələri dinlənilib. Onlar Azərbaycan-Ermənistan münasibətlərindən, eləcə də Dağlıq Qarabağ münaqişəsinin fəlsəfi, hüquqi, sosioloji və tarixi problemlərindən, Xocalı soyqırımı ilə bağlı həqiqətlərdən danışıblar. Beynəlxalq konfransda alimlərin məruzələri maraqla qarşılanıb, diplomlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə