YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin IV hesabat konfransı FOTOLAR

"İsmayıllının "Gənclər paytaxtı" seçilməsi rayonda gənclər siyasəyi ilə bağlı görüləcək işlərdə böyük uğurlar gətirəcək
YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin IV hesabat konfransı FOTOLAR

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib. Konfransda Milli Məclisin deputatı Ərəstun Cavadov, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə, YAP Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov iştirak edib.

Konfransı giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açaraq qeyd edib ki, 23-cü illiyinə qədəm qoyan Yeni Azərbaycan Partiyası şərəfli və çətin yol keçərək ölkənin ictimai - siyasi həyatında fəal iştirak edir, müstəqil dövlətimizin qüvvətlənməsində, qüdrətlənməsində və inkişafında müstəsna rol oynayır. "Ulu öndərin "Dünənin və bu günün və gələcəyin partiyası" dediyi YAP yarandığı gündən ümummilli liderin siyasi kursuna sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkənin davamlı, sürətli inkişafındakı uğurların, atdığı imzalarla cəmiyyətdəki mövqeyini və nüfuzunu ildən - ilə möhkəmləndirir. YAP bu gün öz sıralarında Azərbaycan xalqının 650 min nəfərə yaxın ən layiqli nümayəndələrini birləşdirir".

Ə.Vahabova vurğulayıb ki, YAP İsmayıllı rayon təşkilatı 1993-cü ilin mart ayında ölkədə baş verən çətin proseslər dövründə fəaliyyətə başlayıb, bu gün öz ətrafında 8000 nəfərə yaxın partiya üzvünü birləşdirir. "Partiya üzvlərinin 2905 nəfəri və ya 37%-ini qadınlar, 3187 nəfəri və ya 40%-dən çoxunu gənclər təşkil edir. Hesabat dövründə partiyaya daxil olanların 70%-ə yaxını gənclər olub. 1995-ci ilin iyun ayında YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin yaranması partiyada gənclərin həlledici qüvvəyə çevrildiyini sübut edirdi".

YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin III konfransdan ötən müddət ərzində görülmüş işlər barədə YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Taleh Salehov hesabat dövründə rayonda gənclərin davamlı inkişafı üçün görülən işləri, onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı və Rayon Gənclər və İdman idarəsinin, Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlər barədə məlumat verib. "Bu tədbirlərin məqsədi gənclərin fiziki və mənəvi sağlamlığı, onların savadlı, geniş dünyagörüşə malik, vətənpərvər kimi yetişməsi əsas hədəf olmuşdur. Bu istiqamətdə silsilə tədbirlər davam etməkdədir. Gənclərin sağlam həyat tərzi, onların məşğulluq səviyyəsinin artırılması, təhsilinin yüksəldilməsi, maraq dairələrinin inkişafı üçün həvəsləndirici tədbirlər görülür. Rayonumuzun tanınmış ziyalıları ilə görüşlər gənclərdə maarifçilik, elm, təhsil və mədəniyyət sahələrinə marağın artmasına təkan verir".

T.Salehov məlumat verib ki, hesabat dövründə gənclərin YAP üzvlüyünə qəbuluna xüsusi diqqət yetirilib: "Əvvəlki hesabat dövrü ilə müqayisədə qəbula gələnlərin sayı 25% artıb. Gənclərin 759 nəfəri təhsil, 166 nəfəri səhiyyə, 146 nəfəri mədəniyyət və incəsənət sahələrində, 449 nəfəri idarəetmə,1097 nəfəri sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə və digər xidmət sahələrində çalışır, 52 nəfəri tələbədir".

Çıxış edən YAP İsmayıllı rayon təşkilatı GB-nin üzvləri Əsli Süleymanzadə, Qönçə Ağazadə, Rəşid Məmmədov, Gülnar Mikayılova və başqaları III konfransdan ötən müddət ərzində görülən işlərə dair hesabatı qənaətbəxş hesab etdiklərini bildirdilər və gənclər birliyinin fəaliyyətini yüksək qiymətləndiriblər.

Konfransda çıxış edən Milli Məclisin deputatı Ərəstun Cavadov məlumat verib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənclər siyasətinin dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilməsi, onlara diqqət və qayğının təzahürü olan bir sıra fərman və sərəncamların imzalanması Azərbaycan gəncliyini daha fəal olmağa çağırıb. Ə.Cavadov qeyd edib ki, bu gün nəinki ölkədə, regionda aparıcı siyasi təşkilata çevrilən və beynəlxalq nüfuzu artmaqda olan Yeni Azərbaycan Partiyası üzvlərinin 40 faizdən çoxunu gənclər təşkil edir. "Bu partiyada gəncləşmə, yeniləşmə, tükənməz enerjiyə malik olan gənclər ordusunun yetişməsi deməkdir. Prezident İlham Əliyevin partiyaya sədrliyi dövründə gənclərin partiyaya axını, siyasi fəaliyyətlərini ümumxalq partiyası ilə bağlamaları bir daha bu reallığı təsdiqləyir ki, onlar YAP-ın sıralarına qoşulmaqla öz potensiallarından səmərəli istifadə etmək, dövlətə, dövlətçiliyə, xalqa xidmət etmək üçün böyük meydan görürlər. Bütün bunlar bir daha bu həqiqəti təsdiqləyir ki, dövlətin gənclərə diqqət və qayğısı davamlıdır."

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək qeyd etdi ki, öz gücünü Heydər Əliyev ideyalarından alan Yeni Azərbaycan Partiyasının sıralarının aparıcı hissəsini Azərbaycanın sağlam, intellektual gənclər ordusu təşkil edir. "Bu gənclər Azərbaycanı işıqlı sabahlara, ölkəmizin inkişafı naminə uğurlu gələcəyə daşıyır. Ulu öndərin siyasi kursuna sadiq qalan, öz layiqli əməlləri ilə bu kursu davam etdirən möhtərəm Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının məntiqi nəticəsidir ki, gənclərin inkişafı, onların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi sahəsində dövlət proqramları həyata keçirilir." Sağlam gəncliyin formalaşdırılmasında qarşıda duran ən böyük vəzifənin onların təhsil almaqları olduğunu qeyd edən V.Rəhimzadə bildirdi ki, ölkəmizin gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün yüzlərlə Azərbaycan gənci dünyanın ən nüfuzlu universitetlərində təhsil alır. "Azərbaycan gəncliyinin intellektual potensialının daha da yüksəldilməsi, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi, inkişaf etdirilməsi məqsədilə gənc kadrların dövlət hesabına dünyanın aparıcı universitetlərində təhsili dövlətimizin daim diqqətindədir. Bu sahədə həyata keçirilən dövlət proqramlarının məntiqi nəticəsidir ki, bu gün artıq Azərbaycanın haqq səsi dünyanın beynəlxalq qurumlarının diqqətinə çatdırılır, bayrağımız mötəbər idman arenalarında, dünyanın aparıcı beynəlxalq təşkilatlarının binalarında dalğalanır."

Konfransda çıxış edən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qeyd etdi ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərir, müasir və yeni düşüncə tərzi, yeni texnologiyalardan istifadə sahəsində intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir. "İsmayıllı gəncləri də dövlət qayğısından bəhrələnərək, ölkənin və rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir. Gənclərin sosial müdafiəsinin möhkəmləndirilməsi, onları düşündürən problemlərin reallaşdırılması istiqamətində həyata keçirilən layihələrdə fərqlənirlər." M.Sadıqov məlumat verdi ki, 2015-ci il rayon gəncləri üçün uğurla başlayıb. "İsmayıllı "Gənclər paytaxtı" seçilib. Bu qələbə cari ildə rayonda gəncliklə bağlı görüləcək işlərdə böyük uğurlar gətirəcəkdir."

Sonra təşkilati məsələlərə baxıldı. YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin Şura üzvləri, İdarə Heyəti və YAP GB-nin növbəti konfransına nümayəndələri seçildi. Konfrans nümayəndələrinin yekdil səsverməsinə əsasən Əsli Süleymanzadə YAP İsmayıllı rayon təşkilatı

Gənclər Birliyinin sədri, Nəsimi Teymurov və Qönçə Ağazadə isə sədr müavinləri seçildilər.

Tədbirin sonunda partiyaya yeni qəbul olunan və rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gəncə üvlük vəsiqələri, rayon təşkilatının fəxri fərman və hədiyyələri təqdim olundu.

Orxan Vahidoğlu, "İki sahil"

Bütün xəbərlər Facebook səhifəmizdə