Qazi Universitetinin nümayəndələri ATU-da

Türkiyənin Qazi Universitetinin rektoru, professor Süleyman Büyükbərbərin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) olub. ATU-dan bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov rəhbərlik etdiyi universitet, onun yeni klinikalarının fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, ATU-nun stomatoloji, onkoloji, tədris-terapevtik və tədris-cərrahiyyə klinikalarının hər birində ən müasir tibbi avadanlıq quraşdırılıb. Dünyanın aparıcı şirkətlərinin istehsalı olan bu avadanlıq müayinə və müalicə işini ən yüksək səviyyədə həyata keçirməyə tam imkan verir.

Akademik Ə.Əmiraslanov Azərbaycan Tibb Universiteti ilə Qazi Universiteti arasında əlaqələrin əhəmiyyətindən danışıb.

Qazi Universiteti barədə məlumat verən Süleyman Büyükberber 80 min tələbəsi olan bu təhsil müəssisəsinin xəstəxanasında azərbaycanlı mütəxəssislərin də çalışdıqlarını bildirib.

Sonra ATU-dan Türkiyəyə göndərilən rezidentlərin sayının artırılması barədə müzakirələr olub. Qərara alınıb ki, həm Mövlanə Mübadilə Proqramı, həm də universitetlərarası saziş əsasında Qazi Universitetinə göndərilən rezidentlərin sayı artırılsın.

Görüşdə, həmçinin Azərbaycan Tibb Universiteti və Qazi Universiteti arasında proqramların uyğunlaşdırılması məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar ATU-nun Tədris Cərrahiyyə Klinikasındakı yaradılan şəraitlə tanış olublar.

Xatırladaq ki, bu ali təhsil müəssisələri arasındakı müvafiq əməkdaşlıq müqaviləsində tələbələrin mübadiləsi, birgə konfranslar, seminarların keçirilməsi və digər məsələlər əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...