Fevralın 28-də Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirildi. Konfransda Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Ərəstun Cavadov, YAP Ağsu rayon təşkilatının İdarə Heyətinin üzvü, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov və fəal gənclər iştirak edirdilər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Konfransı giriş sözü ilə açan YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov çıxış edərək bildirdi ki, yarandığı ilk gündən Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərir və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında öz prinsiplərinə sadiqliyini nümayiş etdirir. "YAP-ın cəmiyyətdə böyük nüfuz sahibi olduğunu və onun qarşısında şərəfli missiya dayandığını söyləyən Prezident İlham Əliyevin bu fikirləri Yeni Azərbaycan Partiyasının fəaliyyətinə verilən yüksək qiymətdir: "Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının bir parçasıdır. Bütün Azərbaycan xalqının xoşbəxt gələcəyi üçün bizim partiyamız əlindən gələni əsirgəmir və bundan sonra da bunu edəcəyik."
Ötən konfransdan keçən müddət ərzində YAP Ağsu rayon təşkilatı Gənclər Birliyinin gördüyü işlər barədə rayon təşkilatı Gənclər Birliyinin sədri müavini Elnur Fərzəlizadə ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə layiqincə həyata keçirilən dövlət gənclər siyasəti və bu siyasətin uğurlu bəhrələrindən danışdı. Diqqətə çatdırdı ki, YAP Ağsu rayon təşkilatının Gənclər Birliyi 1997-cı ildə təsis olunub. Bu gün rayon partiya təşkilatının 5017 üzvündən 1886 nəfəri gənclərdir.
Gənclər adından çıxış edən Altun Şeydayev, Rəvanə Abbasova, Hüseyn Fərzəliyev və başqaları ölkə Prezidenti İlham Əliyev tərəfindən gənclərə göstərilən qayğı və diqqəti əməli işlərində layiqincə doğruldacaqlarını bəyan etdilər. Konfransda çıxış edən gənclər YAP Ağsu rayon təşkilatı Gənclər Birliyinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.
Sonra YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə qeyd etdi ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərir, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir. V.Rəhimzadə bildirdi ki, Azərbaycan dövləti siyasətində gənclərə üstünlük verməklə bərabər bu istiqamətdə siyasəti gənclərin bilavasitə iştirakı ilə formalaşdırıb həyata keçirir. "Ümummilli liderin təşəbbüsü ilə məhz o dövrdə yüzlərlə azərbaycanlı gənc təhsil üçün xarici ölkələrə göndərilirdi. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə qəbul edilən və uğurla icra olunan 2007-2015-ci illəri əhatə edən Dövlət Proqramı sayəsində minlərlə gənc xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alıb və hazırda bu proses davam edir." V.Rəhimzadə Yeni Azərbaycan Partiyasının fəaliyyətində gənclərin rolunu xüsusi olaraq vurğuladı. "Bu gün regionun ən böyük siyasi güc mərkəzi olan Yeni Azərbaycan Partiyasının 650 min nəfərə yaxın üzvü var. Onların 40 faizdən çoxunu məhz gənclər təşkil edir. Bu yüksək göstəricidir və ondan xəbər verir ki, Yeni Azərbaycan Partiyasının rəhbərliyi gənclərə nə qədər böyük önəm verir. Hər zaman ulu öndər Heydər Əliyevin ideyalarını dəstəkləyən bu gənclər bu gün ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşiblər."
Milli Məclisin deputatı Ərəstun Cavadov diqqətə çatdırdı ki, gənclərimiz ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirir. Bütün bunlar gəncliyimiz üçün dövlət tərəfindən yaradılmış əlverişli imkanlar, verilmiş mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında ərsəyə gəlib. Ə.Cavadov onu da vurğuladı ki, müasir Azərbaycan gəncləri unutmurlar ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar.
YAP Ağsu rayon təşkilatının İdarə Heyətinin üzvü, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Öz növbəsində, ölkəmizdə gənclərə yüksək diqqət və qayğının göstərildiyini qeyd etdi. Ə.Seyidəliyev diqqətə çatdırdı ki, Azərbaycanda dövlət gənclər siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. "Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir." YAP-ın gəncliyin inkişafına hər zaman dəstək verdiyini bildirən Ə.Seyidəliyev əlavə etdi ki, gənclərin ictimai-siyasi fəallığının artırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, onlar arasında sıx əlaqələrin qurulmasına xidmət edən layihələr davamlılığı ilə diqqəti cəlb edir.
Yeni Azərbaycan Partiyası mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov gənclərin fəaliyyətində görülən işləri qənaətbəxş hesab edərək YAP Ağsu rayon təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin
üzvlərinə, sədr və müavinlərinə gələcəkdə ölkənin, o cümlədən rayonun ictimai-siyasi həyatında daha fəal iştirak etmələrini tövsiyə etdi.
Sonra konfransda təşkilati məsələlərə baxıldı. YAP Ağsu rayon təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvləri, sədr və müavinləri seçildilər. İştirakçıların yekdil rəyi ilə Elnur Fərzəlizadə YAP Ağsu rayon təşkilatı Gənclər Birliyinin sədri seçildi. Nərminə Məhərrəmova və Tamerlan Abışov YAP Ağsu rayon təşkilatı Gənclər Birliyinin sədr müavinləri seçildilər.
Elnur Fərzəlizadə, Nərminə Məhərrəmova və Tamerlan Abışov YAP Gənclər Birliyinin respublika konfransına nümayəndə seçildilər.
Orxan Vahidoğlu, "İki sahil"
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB