Məktəblilər niyə intihar edir? MÜNASİBƏT

Məktəblilər niyə intihar edir? MÜNASİBƏT

"Son vaxtlar məktəblilərin intihar etməsi halları artıb". Bunu SİA-ya açıqlamasında psixoloq-psixoterapevt Təhminə Çələbi söyləyib. O bildirib ki, yeniyetməlik insanın ən çətin yaş dövrü hesab edilir: "Yeniyetməlik yaşında insanın mürəkkəb xasiyyəti əmələ gəlməyə başlayır. Məktəbli yaşında onların eqoları çox qabarıq olur. Buna görə də onlarda intihara meyillilik olur. Hesab edirəm ki, nə evdə, nə də məktəbdə onların qürurlarına toxuna biləcək hərəkətlər olmamalıdır. Bu hərəkətlər baş verdiyi halda insan öz qürurunu qorumaq üçün intihara əl ata bilər. Bəzən uşaqlar valideynini, müəllimini cəzalandırmaq üçün bu cür addımlar atırlar. Onu da deyim ki, məktəbli yaşlı uşaqlar ilk sevgilərini isbat etmək üçün bəzən canlarına qəsd etmək istəyirlər. Çünki onlar bu hərəkətin mahiyyətini dərk etmirlər. Düşünürəm ki, uşaqların belə bir yola əl atmasının səbəblərindən ən vacibi seriallar və filmlərin mənfi təsiridir. Bəzən uşaqlar ətrafında kiminsə intihar etdiyini görüb, o da bu cür etmək həvəsinə düşür. Sanki şagird valideyninin, müəlliminin və ya onu incidən şəxsin peşmanlığını görmək istəyir. Hesab edirəm ki, burada əsas iş valideynin üzərinə düşür. Əgər valideyn övladının özünə qapandığını, iştahsızlıq həmçinin bədbin musiqilər dinlədiyini görürsə, o zaman övladına dost kimi yaxınlaşıb, söhbət etməyə çalışmalıdır. Onu bu vəziyyətə salan amilləri, problemləri, səbəbləri ortaya çıxarmağı bacarmalıdır. Bir sözlə uşağa şəxsiyyət kimi hörmət etmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə