Yeri görünən adam

"Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim və pedaqoq, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həsən İbrahim oğlu Mirzəyev 2015-ci il fevralın 25-də ömrünün 88-ci ilində vəfat etmişdir".

Sətirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev başda olmaqla dövlət və hökumət adamlarının, elm və incəsənət xadimlərinin imzaladığı nekroloqa aiddir. Daha sonra davam edən nekroloqda onun ölümünün niyə Azərbaycan ictimaiyyəti üçün ağır itki olduğunu göstərən faktlar yada salınır. Bəli, onun ölümü itkidir. Ümumiyyətlə,Həsən Mirzəyev kimi insanlar irqindən və dinindən, dilindən, hansı cəmiyyətdə yaşamalarından asılı olmayaraq qiymətlidir və belə insanların itirilməsi ağır itki sayılır. Söhbət isə heç də onların elmi və yaxud yaradıcılıq sferasında nəsə yaratmalarında, ictimai-siyasi proseslərdə iştirakında hansısa pay vermələrindən daha çox cəmiyyətə nümunə olmalarından gedir. Dünyaca məşhur çex, ən islaholunmaz insanların cəmiyyətə qaytarılmasında heyrətamiz nəticələr qazandıran metodikanın yaradıcısı Yan Kaminski deyirdi ki, əyanilik ən gözəl nümunədir. Və ibarələrsiz-filansız, mübaliğəsiz demək olar ki, Həsən müəllim cəmiyyətimiz üçün o nümunələrdən biri idi. Söhbətin hansı nümunələrdən getdiyini isə bircə cümlə ifadə eləmək də çətin deyil: o, ilk əvvəl söz adamı idi. Həsən Mirzəyev kimi insanlar haqqında adətən belə deyirlər: sözünün ağası.

Dərələyəz mahalındakı Qovuşuq kəndində anadan olan, orta məktəbi, Naxçıvan Dövlət Müəllimlər, Azərbaycan Dövlət Pedaqoji institutlarını fərqlənmə diplomu ilə bitirən Həsən Mirzəyevin uğurlarının bircə sirri var idi: o, əzablar görən, sürgün həyatı belə yaşayan atası İbrahim kişiyə əlaçı olmağı söz vermişdi. Bunu öz dilindən eşitmişəm. Sonralar taleyini əbədilik bağladığı Azərbaycan Dövlət Pedaqoji İnstitutunda da o, sözünün üstündə durdu: Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturanı bitirdi, müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrini tutdu, dilçiliyin müxtəlif problemlərinə dair sanballı tədqiqatları ilə tanındı. Həmin araşdırmaların nəticəsi 200-dən çox elmi əsər, 25 kitab, 10-a yaxın dərs vəsaiti kimi işıq üzü gördü. O, eyni zamanda, mütəmadi surətdə bədii yaradıcılıqla məşğul olurdu. Həsən müəllim haqqında fikirləşərkən onu ifadə etmək üçün hansısa təyinlər kara gəlmir və sadəcə ziyalı- sözü yadıma düşür. Hə, o ziyalı idi. Həmin ziyalılıq isə, etiraf edək ki, cilid-cilid kitablarla ifadə olunmur, ziyalılıq- ilk növbədə cəmiyyətə münasibətdir. Bu, çoxdan qəbul olunmuş qənaətdir. Həsən müəllimin Binəqədidəki evində olanların, hesab edirəm ki, hamısı xatırlayar: o, ilk növbədə qonaqlarını evin qarşısındakı parka aparır, həmin parkı necə qoruyub saxladığını gizlədilməyən məmnuniyyətlə danışırdı. Paytaxtda yerin qiymətini bilənlər, əlbəttə ki, bunun asan başa gəlmədiyini də bilirlər. Onda o, Bakı Şəhər Sovetinin deputatı olub. Həyat qəribədir. Siyasətə qoşulacağını yatsa yuxusunda görməyəcək Həsən Mirzəyev 1980-ci illərin sonlarında siyasətə qoşulmaq məcbiriyyətində oldu- desəm, burada da hansısa yaradıcılıq təxayülü axtarmağa dəyməz. Qərbi Azərbaycandan qovulmuş 250 mindən artıq adamın taleyin ümidinə buraxılması, Dağlıq Qarabağdakı erməni süparatizminin vilayətin inzibati ərazilərindən kənara çıxması, 1 milyondan artıq insanın məcburi köçkünə çevrilmək qorxusu o zamankı Azərbaycan Respublikasının siyasi rəhbərliyinin hərəkətsizliyi fonunda baş verirdi. Azərbaycanın gələcəyi üçün narahat olan insanlar belə bir məqamda əvvəl Vəzirov,sonra Mütəllibov, yekunda isə demokratik qüvvələr adına iddialı kəslərin ölkənin siyasi həyatından təcrid etmək istədikləri Heydər Əliyevə üz tutdular. O insanlardan biri Həsən Mirzəyev oldu. Sonralar ona tarixi müraciəti imzalayan həmin insanların sayı politologiyada yeni bir termin yaradacaq: 91-lər.

1993-cü ildə ölkənin siyasi rəhbərliyinə gələn Heydər Əliyev üçün qalan miras ancaq gələcək təlatümlərdən xəbər verə bilərdi və bu, həqiqətən də belə oldu. Bir tərəfdən Ermənistanın işğal zonasını genişləndirmək cəhdləri,digər tərəfdən gələcək neft müqavilələrində pay almaq arzusunu gizlətmək belə istəməyən güclərin təzyiqləri və... onlardan da çox siyasi hakimiyyətə qədəm qoyduğu məqamdan özlərini Heydər Əliyevə müxalif elan edənlər həmin təlatümləri reallığa çevirirdilər. İki il ərzində azından 5 dəfə dövlət çevrilişinə cəhdlərin fonunda vəiyyət daha aydın görünürdü. Bu, fəlakətin hamısı deyildi. Ümummilli Lideri salamlamaq üçün bircə dəfə yola çıxanlar arasında da müəyyən iddiaların yaranması prosesi gedirdi. Belə bir vəziyyətdə azsaylı insanlar Heydər Əliyev iqtidarında hansısa dividentlərə iddialı olmadığını əməldə göstərdi. Onlardan biri Həsən Mirzəyev oldu - sözünü də cəsarətlə demək mümkündür. Sonralalar - 1998-ci və 2000-ci illərdə iki çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilən Həsən Mirzəyev millət vəkili statusunda da öz ampulasında qaldı. Milli Məclisin iclaslarına aid stenoqramları oxumaq, çəkilişlərə baxmaq kifayət edər ki, deputat Həsən Mirzəyevin qanun layihələrinə yanaşmasını görəsən. O yanaşmalarda isə bircə maraq var: Qanunun dövlətə və millətə xidmət istəyi.

Həsən Mirzəyev Milli Məclisə ikinci çağırış seçkilərindən sonra ilk iclasda daxili nizamnamənin tələbinə uyğun olaraq ən yaşlı millət vəkili kimi sədrliyə dəvət olundu. Həmin məqamları əks etdirən videolentə dönə-dönə baxıram. Və hər dəfə ağsaqqal müdrikliyinin yeni detallarını görmək mümkündür. O, həmin iclasda hakim partiyanın təmsilçisi kimi deyil, xalq adamı kimi danışır, ənənəvi cığallığını nümayiş etdirməklə ancaq seçicilərdən divident götürməyə deyil, xarici sponsorlarının qrant həcmini artırmaq istəyənləri də milli həmrəyliyə dəvət edir. Sonralar da Həsən Mirzəyev öz mövqeyində qaldı: Azərbaycanın gələcəyi naminə Prezident Heydər Əliyevə hər məqamda dəstək həyati əhəmiyyətlidir. Yeri gəlmişkən, Azərbaycanın siyasi həyatındakı qabarmalar və çəkilmələr zamanı, hətta hakim partiyadan millət vəkili seçilmiş deputatların bəzilərinin düşərgə axtarışı məqamlarında da o, sözünün ağası olaraq prinsiplərə sadiqliyini göstərdi. Ümummilli Lider Heydər Əliyevin səhhətində yaranmış problemlərin fonunda başlayan növbəti Prezident seçkiləri ərəfəsində də Milli Məclisdə seçicilərinin iradəsini birmənalı şəkildə bəyan edən insanlardan biri də o oldu - Həsən Mirzəyev. Biz, YAP-ın namizədi olacaq İlham Əliyevə, onun siyasi iradəsinə və dövlətçilik təfəkkürünə inanırıq- deyən müdrik ağsaqqal yenə mövqe göstərən insanların cərgəsində oldu.

O, bir sıra dövlət təltiflərinə, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından birinə - "Şöhrət" ordeninə layiq görülüb. Ümumilikdə isə Həsən Mİrzəyevin mükafatları çox olub. Onun bu dünyadakı mükafatlrı Azərbaycan Respublikasının Prezidenti ilə bərabər ali dövlət və hökumət xadimlərinin, elm və yaradıcılıq insanlarının imzaladığı nekroloqdakı bircə cümlə ilə belə ifadə olundu: Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Bu, onu tanıyan bütün insanların ümumiləşdirilmiş fikridir.

O, belə yaşadı.

Firuz Kazımoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə