Xətai rayonunda 2014-cü ilin hesabatı dinlənilib

Bu gün Xətai rayonun İcra Hakimiyyətində 2014-cü ildə rayonun sosial – iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. SİA-nın məlumatına görə, yığıncaqda Xətai rayon İcra Hakimiyyətinin strukturlarının nümayəndələri, millət vəkilləri, Prezident Administrasiyasının məsul şəxsi və media nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədov 2014-cü ildə Xətai rayonunda görülən işlərdən danışıb. Rayonda gedən bu inkişafın hər ötən il daha da genişləndirildiyini ifadə edib: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial – iqtisadi inkişafın yekunlarına və 2015-ci il ildə qarşıda duran vəzifələrə həsr olunmuş 10 yanvar 2015-ci il tarixli iclasında qeyd olunduğu kimi keçən il ölkəmiz üçün uğurlu olmuş, qarşıya qoyulmuş bütün vəzifələr icra edilmişdir".

İcra Hakimiyyətinin şöbə müdiri Etibar Əhmədov, Mənzil Kommunal şöbəsinin müdiri Qafur Əhlimanov və digər rəsmilər 2014-cü ildə Xətai rayonunda gedən inkişafdan danışıblar. Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımların 2015-ci ildə də uğurla davam etdirildiyini ifadə ediblər.

Millət vəkili Hüseynbala Mirələmov Xocalı Faicəsinin anım tədbirlərində göstərdikləri xidmətə görə Xətai Rayon icra hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirib. Azərbaycanda gedən inkişaf haqqında öz fikirlərini çatdırıb. O qeyd edib ki, Xətai rayonu yeganə rayonlardan biridir ki, öncə bütün sahələri inkişaf etdirib, təmir edib, daha sonra isə İcra Hakimiyyətinin öz binasının təmiri ilə məşğul olub.

Milli Məclisin deputatı Səməd Seyidov ölkədə gedən inkişafdan danışarkən ölkə başçısının uğurlu xarici siyasətindən də danışıb. O, cənab Prezidentin Münhendə çıxışını vurğulayaraq, bu çıxışa dünyanın fərqli ölkələrindən gələn siyasətçilərin müsbət mənada heyrət etdiyini ifadə edib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev isə keçən il Azərbaycanda ölkə başçısının rəhbərliyi ilə görülən işlərin qısa statistikası barədə məlumat verib. O qeyd edib ki, xalqın ölkə başçısına göstərdiyi etimad ölkəmizin daha da inkişafına səbəb olacaq.

Daha sonra yığıncağın qərarı səsləndirilib. Yığıncağın qərarının elanından sonra isə yığıncaq iştirakçıları adından ölkə başçısına müraciət oxunub.

Bütün xəbərlər Facebook səhifəmizdə