Alman professoru: “Xocalı faciəsi ədalətli qiymətini almayıb“

Alman professoru: “Xocalı faciəsi ədalətli qiymətini almayıb“

Almaniyanın paytaxtı Berlində "Erməni təcavüzünün tanıdılması" İctimai Birliyinin sədri, yazıçı publisist Səriyyə Müslümqızının alman dilində çap edilmiş "Dünya susmasın gərək" kitabının təqdimatı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, tədbirdə alman ictimaiyyətinin nümayəndələri, Azərbaycan Republikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin əməkdaşları, Azərbaycan diasporunun təmsilçiləri, tələbə və doktorantlar iştirak edib.

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkil etdiyi mərasimdə təşkilatın rəhbəri Samira Patzer-İsmailova Azərbaycan xalqının dərdinə şərik olduğu üçün tədbirdə iştirak edən almanlara təşəkkür edib və Xocalı soyqırımı haqqında geniş məlumat verib.

Azərbaycanın Almaniyadakı Səfirliyinin müşaviri Rizvan Nəbiyev isə Xocalı soyqırımının tarixi və siyasi aspektləri, həmçinin Cənubi Qafqazın hazırkı geosiyasi vəziyyəti barədə çıxış edib.

Alman alimi, Alman–Azərbaycan Forumunun idarə heyətinin üzvü professor Vilfrid Furman isə Xocalı soyqırımının Avropada tanıdılması barədə danışıb və bu faciənin hələ də ədalətli qiymət almadığını vurğulayıb.

Daha sonra tədbirdə iştirak edənlər hüquqşünas, Alman-Azərbaycan Forumunun icraçı direktoru Pərviz Yazdani, Səriyyə Cəfərova, "Tərxis olunmuş hərbçilərin gəncləri maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli, tələbə, Berlin Azad Universitetinin doktorantı Tural Qasımov çıxış edərək Xocalı soyqırmının geniş təbliği ilə müzakirələr aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə