Fizika İnstitutunda Xocalı soyqırımı anılıb

Fizika İnstitutunda Xocalı soyqırımı anılıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda Xocalı soyqırımının 23-cü il dönümünə həsr olunmuş anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə institutun direkroru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov açıb. O Fizika İnstitutunda hər il Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildiyini vurğulayıb. N.Məmmədov bildirib ki, Xocalıda törədilən soyqırım Azərbaycan tarixinin ən dəhşətli səhifələrindəndir. 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366 motoatıcı alayının zirehli texnikası ilə Xocalı şəhərinə hücum ediblər. Soyqırım zamanı 613 nəfər qətlə yetirilib. O, Xocalı soyqırımının dünyada tanıdılmasının hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu vurğulayıb. Daha sonra Xocalı faciəsinin qurbanları bir dəqiqəlik sükutla yad edilib.

Anım təbdiri institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abidinovun çıxışı ilə davam etdirilib. C.Abidinov vurğulayib ki, Dağlıq Qarabağ münaqişəsi zamanı baş verən Xocalı soyqırımından 23 il keçir. O, belə qəddarlıq və vəhşiliyin insan tərəfindən törədilməsinin inanılmaz olduğunu bildirib. Xocalı soyqırımına qədər dünyada çox belə hadisələr olub. Lakin o faciələrin heç birini Xocalıda törədilən soyqırımla müqayisə etmək olmaz. C.Abidinov bildirib ki, ermənilərin Xocalıya olan maraqlarının əsas səbəblərindən biri şəhərin əlverişli strateji mövqedə yerləşməsi ilə bağlı idi. O, həmçinin, Xocalının Dağlıq Qarabağ hadisələrinin mərkəzində olmasından, şəhərin mühasirəsindən, əhalinin özünü müdafiəsindən söhbət açıb. Bildirib ki, soyqırım nəticəsində 613 nəfər (63 uşaq, 106 qadın, 70 qoca) həlak olub, 787 nəfər yaralanıb (76-sı uşaq), 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 130 uşaq bir valideynini itirib, 1275 nəfər əsir, 150 nəfər itkin düşüb. Bu dəhşətli hadisənin bütün dünyanın gözü qarşısında baş verdiyini həmin dövrdə heç bir dövlət tərəfindən soyqırıma qarşı ciddi tədbir görülmədiyini vurğulayıb. 1994-cü ilin fevralın 24-də ümummilli lider Heydər Əliyevin təklifi ilə Milli Məclis Xocalı soyqırımına siyasi və hüquqi qiymət verdi. Həmin gündən etibarən 26 fevral Azərbaycanda və demək olar ki, bütün dünyada Xocalı soyqırımı günü kimi qeyd edilir. C.Abidinov bildirib ki, Xocalı soyıqırımının tanınması ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bu siyasətin bariz nümunəsi 2008-ci ildən Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlamış "Xocalıya ədalət" ("Justice for Khojaly") təbliğat və təşviqat kompaniyasıdır. Bu məqsədlə Almaniya, İngiltərə, İtaliya, ABŞ və başqa ölklərdə müxtəlif tədbirlər həyata keçirilir.

Gənc Alim və Mütəxəssislər şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova çıxışında bildirib ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq soyqırım siyasətinə məruz qalıb. O, Azərbaycan xalqının tarixi torpaqlarından qovulmasından, erməni ideoloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm ideyasını reallaşdırmaq cəhdindən, Xocalını yer üzündən bir dəfəlik silmək məqsədindən, Xocalı-Gədəbəy mədəniyyətindən və s. söhbət açıb.

"Heteroquruluşlar fizikası" laboratoriyasının aparıcı elmi işçisi Lalə Əliyeva Xocalıda törədilən vəhşiliklərə etiraz səsini şeirlə ifadə edib. Daha sonra akademik Maqsud Əliyev, Materialşünaslıq labaratoriyasının müdiri Fikrət İsmayılov, fizika-riyaziyyat elmləri doktoru Hidayət Nuriyev Xocalı şəhərində törədilən vəhşiliklər haqqında söhbət açıb. Anım tədbirinin sonunda Xocalı soyıqırımına həsr olunmuş film nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə