Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya "Komissiyanın 2014-cü il üzrə fəaliyyəti və dövlət orqanlarında etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə illik hesabat" mövzusunda dəyirmi masa təşkil edib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan komissiyanın sədr müavini Vəfadar Misirov bildirib ki, Komissiyanın keçirdiyi müsabiqə və müsahibələr nəticəsində ümumilikdə 4786 nəfər vakant dövlət qulluğu vəzifəsinə təyin olunub: "Komissiya dövlət orqanları ilə sıx və faydalı əməkdaşlıq edib. Dövlət orqanlarının böyük əksəriyyətinin fəaliyyətlərində dövlət qulluğuna dair qanunvericiliyin tələblərinə riayət olunub. Lakin bununla belə Komissiya tərəfindən bəzi dövlət orqanlarının fəaliyyətində dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması faktları aşkar olunub. Dövlət orqanlarının fəaliyyətində dövlət qulluğuna dair qanunvericiliyin tələbləri əsasən üç istiqamət üzrə pozulur. Bunlar vakant inzibati vəzifələrin qanunvericiliyə uyğun olaraq tutulması məqsədilə dövlət orqanları tərəfindən Komissiyaya təqdim edilməməsi, müsabiqədən uğurla keçən namizədin vakant vəzifəyə təyin olunmasında gecikmələr və müsabiqə qalibinin iddia etdiyi vəzifəyə təyin edilməməsi və yaxud da başqa vəzifəyə təyin edilməsidir".
Dəyirmi masada çıxış edən komissiyanın insan resurslarının idarə edilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn deyib ki, 2007-2014-cü il ərzində Komissiya tərəfindən dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqə və müsahibələrə ümumilikdə 153 dövlət orqanı üzrə 13387 vakant dövlət qulluğu vəzifəsinin çıxarılıb: "Müsabiqə və müsahibələrdə 58527 namizəd iştirak edib. Onlardan 5485 nəfəri vakant vəzifələrə uyğun hesab edilib. 4786 nəfər isə müvafiq vəzifələrə təyin olunub".
Komissiyanın Hüquq şöbəsinin müdiri Vüqar Əsgərov isə çıxışında bildirib ki, 2014-cü il üzrə "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarının pozan dövlət orqanları tərəfindən 343 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib və onlardan 319 nəfərə töhmət verilib, 10 nəfər dövlət qulluğundan azad edilib, 10 nəfərin vəzifə maaşı azaldılıb, 4 nəfər isə aşağı vəzifəyə keçirilib.
Tədbirin sonunda dəyirmi masa iştirakçılarının sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB