AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Xocalı soyqırımının 23-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. SİA-nın məlumatına görə, anım tədbirinə İnstitutun rəhbərliyi, şöbə və bölmə rəhbərləri, əməkdaşları qatılıb. Tədbir iştirakçıları bir dəqiqəlik sükutla Xocalı soyqırımı qurbanlarının və Vətən torpaqları uğrunda şəhid olmuş vətəndaşlarımızın əziz xatirəsini yad edib. Anım tədbirində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova çıxış edib. M. Rəhimova çıxışında bunları bildirib: "1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri və Xankəndidə yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı XX əsrdən başlayaraq erməni məkrli siyasətinin növbəti qanlı cinayətlərindən biri idi. Xocalıda baş vermiş dinc əhalinin qətliamı təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə silahsız mülki insan, qadın və uşaqlar yalnız azərbaycanlı olduqlarına görə vəhçicəsinə qətlə yetiriliblər. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faciəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət aparmaqdadır. "Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət!" beynəlxalq kampaniyası isə, Xocalı soyqırımının tanıdılması istiqamətində çox uğurlu iş aparmaqdadır və artıq dünyanın əksər ölkələrində Xocalı faciəsi qurbanlarının xatirəsinə abidələr ucaldılır, anım mərasimləri keçirilir, həmçinin, bir sıra ölkələrin qanunverici orqanları Xocalıda baş vermiş qətliama siyasi qiymət vermişlər".
Mövzu ilə bağlı AMEA-nın həqiqi üzvü, akademik Teymur Bünyadov, həmçinin, İnstitutun bölmə rəhbərləri və əməkdaşları çıxış edib. Öz çıxışlarında İnstitut əməkdaşları Xocalı soyqırımının daim Azərbaycan xalqının qan yaddaşında yaşadılacağına, bu cinayətləri törətmiş erməni işğalçılarından layiqli qisasın alınacağına əminliklərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB