Qazaxıstanda Xocalı tədbiri keçirilib FOTOLAR

Qazaxıstanda Xocalı tədbiri keçirilib FOTOLAR

26 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun dəstəyi ilə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Qazaxıstan Respublikasının Atırau vilayətində fəaliyyət göstərən azərbaycanlıların "Novruz" milli-mədəni cəmiyyəti Atırau şəhər türk icması ilə birgə "Xocalı – 20-ci əsrin faciəsi. Xalqların soyqırımına "Yox" deyək" adlı konfrans keçirilib.

Konfrans X.Dosmuxambetov adına Atırau Dövlət Universitetində fəaliyyət göstərən "Azərbaycan tarix və mədəni irsinin öyrənilməsi Mərkəzi"ndə keçirilib.

Konfransda Atırau vilayətində fəaliyyət göstərən təhsil müəssisələrinin müəllim və tələbələri, yerli qurumlar, kiv və ictimaiyyət nümayəndələri iştirak edib.

Konfrans zamanı, ilk öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulu Rəşad Məmmədov 26 fevral 1992-ci il tarixində Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş soyqırım haqqında, ermənilərin xalqımıza qarşı apardığı soyqırımla bağlı iştirkaçılara geniş məlumat verib.

Daha sonra konfrans zamanı çıxış edən Atırau vilayətində fəaliyyət göstərən azərbaycanlıların "Novruz" milli-mədəni cəmiyyətinin sədri Eldar Əhmədov, Azərbaycan Respublikası DİN-nin Qazaxıstan üzrə nümayəndəsi Zəfər Əbiyev, Qazaxıstan Xalqlar Assambleyasının Atırau vilayəti üzrə Katibliyinin rəhbəri Erken Zagiroviç və digərləri Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşüblər.

Konfrans zamanı Xocalı faciəsinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilmiş, Aktau şəhərində fəaliyyət göstərən azərbaycanlı gənclər tərəfindən "Xocalıya Ədalət" kampaniyası çərçivəsində hazırlanmış və sosial şəbəkələrdə geniş yayılmış "Çağırış" adlı video-layihəyə baxış keçirilib.

Daha sonra, Ermənistan dövləti və erməni diasporunun ölkəmizə və xalqımıza qarşı həyata keçirdiyi çirkin və məkirli siyasətinin qarşısının alınması məqsədilə, "Xocalıya Ədalət" kampaniyasına dəstək olaraq, Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu tərəfindən Qazaxıstan Respublikasının informasiya məkanında yaradılmış www.xocali.kz saytının yenilikləri barədə təqdimat keçirilib.

Konfransın gedişatında tədbirdə iştirak edən Atırau şəhərinin bir sıra ali təhsil müəssisələrinin müəllim və tələbələri mövzu ilə bağlı müxtəlif fikir mübadilələri aparıb, Baş konsul R.Məmmədov tərəfindən çoxsaylı suallar cavablandırılmış, faciənin dərinlikləri barədə ətraflı məlumat verilib.

Konfrans zamanı, həmçinin, "Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində imza kampaniyası təşkil edilib.

Tədbirin sonunda Aktau şəhərində yaşayan gənclərin birgə səyi nəticəsində hazırlanmış "Справедливость Ходжалы" adlı rep uslubunda kompozisiya nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə