2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları müzakirə olundu
Lerik rayonu hesabat verdi FOTOLAR

Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Habil Əzənmədov, Milli Məclisin deputatı İqbal Məmmədov, rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat və hüquq-mühafizə orqanlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, gənclər, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ettdikdən sonra, rayon mədəniyyət evinin foyesində rayonda aparılan tikinti-quruculuq işlərini əks etdirən foto sərgisi ilə tanış olublar.

Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov 2014-cü ildə Lerik rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə etdi. Bildirdi ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil daxili və xarici siyasət nəticəsində son 11 ildə dövlətimiz uğurlu inkişaf yolu keçmiş, bütün sahələrdə nailiyyətlər əldə etmişdir. Yola saldığımız 2014-cü ildə də ölkəmizin qarşısında duran bütün vəzifələr uğurla icra edilib.

Respublikamızda aparılan ardıcıl, uğurlu iqtisadi reformalar rayonumuzun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərib.

2014-cü ildə rayonun kəndli, fermer və şəxsi təsərrüfatlarında payızlıq və yazlıq dənli və dənli-paxlalı bitkilərlə yanaşı kartof, tərəvəz və digər bitkiçilik məhsulları da yetişdirilib. Hesabat ilində iribuynuzlu mal-qaranın, qoyun və keçilərin sayı artıb, ət, süd, yumurta, yun istehsalı çoxalıb.

Daha sonra natiq qeyd etdi ki, hesabat ilində gəlirlərin artması ilə yanaşı əhalinin ticarət şəbəkələrindən aldıqları istehlak malları və onlara göstərilən xidmətlərin çeşidi və həcmi də artıb.

Son 11 ildə rayonda 50-yə yaxın məktəb, 3 uşaq bağçası inşa edilmiş, onlarla məktəb və uşaq bağçaları əsaslı təmir edilib. Hesabat ilində 180 şagird yerlik Vizəzəmin və Nücü kənd tam orta məktəbləri inşa edilmiş, Lerik şəhər 3 saylı tam orta məktəbinin dam örtüyü, akt zalı, Mastail kənd tam orta məktəbi əsaslı təmir edilərək istifadəyə verilib. 180 şagird yerlik Pirasora, Boykəndil, Anbu kənd tam orta və Əvilə kənd ümumi orta məktəblərinin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lerik şəhərində 100 yerlik, ikimərtəbəli uşaq bağçasının tikintisində son tamamlanma işləri həyata keçirilir. 2013-2014-cü tədris ilində 151 nəfər məzun ali məktəblərə qəbul olunub, onlardan 14 nəfər 500-dən, 4 nəfəri isə 600-dən yuxarı bal toplayıb.

2014-cü ildə rayonda aparılan tikinti abadlıq işlərində, sahibkarlıq subyektlərində, digər sahələrdə 575 nəfər rayon sakini işlə təmin edilib ki, bunlardan da 329-u daimi iş yerləridir. Ümumilikdə Dövlət Proqramlarının icrası ilə bağlı rayonda bu günə kimi 9599 yeni iş yeri açılıb.

Hesabat ilində də Lerik şəhərində və ərazilərimizdə tikinti quraşdırma işləri davam edib. Lerik şəhərində "Azersell" ekspress ofisi, Vistən və Orand kəndlərində tibb məntəqələri inşa edilib. Lerik şəhər uşaq bağçası əsaslı təmir edilib, bağçada yeni qruplar fəaliyyətə başlayıb, 10-dan yuxarı rayon sakini daimi işlə təmin olunub.

"Sənaye ili" elan edilmiş 2014-cü ildə rayonun ərazisində də sənaye müəssisələrinin açılması üçün münbit şərait yaradılıb, Cəngəmiran kəndi ərazisində "sənaye parkı"nın yaradılması məqsədi ilə torpaq sahəsi ayrılıb. Piran kəndində fəaliyyətə başlayan broyler fabrikinin məhsulları "Lebro" əmtəə nişanı ilə satışa çıxarılıb. Peştətük kəndində fəaliyyətə başlayan çörək zavodunun istehsalı daha da artırılıb. Lerik şəhərində çörək zavodunun, mebel sexinin, Peştətük kəndində şirə sexinin tikintisində işlər sürətlə davam etdirilir.

Daxili imkanlar hesabına XV-XVI əsrə aid "Xəlifə Zəkəriyyə" türbəsinin, Lerik və Noda kənd qəbiristanlıqlarının ətrafı abadlaşdırılmış, ərazi milli ornamentlərlə bəzədilmiş hasara alınıb. Lerik şəhəri və Piran kəndində ulu öndərimiz Heydər Əliyevin əzəmətli portreti ucaldılıb. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rayonda yeni yaradılacaq kənd təsərrüfatı idarəsi üçün inzibati idarə binasının inşasına başlanılıb. Rayon ərazisində digər abadlıq işləri həyata keçirilib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 26 kilometrlik Lerik-Qosmalian-Kəlvəz yolunun tikintisi başa çatdırılıb, 30 min nəfər əhalinin yaşadığı, 50 yaşayış məntəqəsini birləşdirən 36 kilometrlik Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisinə başlanılıb. Artıq yolun 18 kilometri asfaltlaşdırılıb, digər hissəsində isə tikinti işləri davam etdirilir.

Hesabat ilində ən yadda qalan mədəni tədbirlərdən biri isə ilk dəfə olaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sentyabrın 8-də "Relax" turizm-istirahət mərkəzində uzunömürlülərin yaradıcılıq festivalının keçirilməsi olub.

Məruzə ətrafında rayon maliyyə idarəsinin müdiri Elman Abbasov, mərkəzi xəstəxananın baş həkimi Mübariz Ağayev, rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, 43 saylı yol idarəsinin müdiri Elxan Əliyev, fermer təsərrüfatı başçısı Ələkbər Salayev çıxış edərək 2014-cü ildə rayonda ayrı-ayrı sahələr üzrə görülən işlərdən, mövcud problemlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

Daha sonra Milli Məclisin deputatı İqbal Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Habil Əzənmədov çıxış edərək Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə son 11 ildə ölkənin ictimai-siyasi, iqtisadi və beynəlxalq arenada əldə etdiyi uğurları diqqətə çatdırıblar.

Sonda Şura iclasının gündəliyində duran məsələ ilə bağlı müvafiq qərar qəbul edilib, yığıncaq iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə