Manatın dəyərinin düşməsi faciə deyil

Azər Həsrət, [email protected]
Manatın dəyərinin düşməsi faciə deyil

Manatın dəyərdən düşməsi də bu millət üçün bir imtahandır. Özəlliklə də Azərbaycanda mal və məhsulların, xidmətlərin bolluğunu yaratmalı olanlar üçün. O kəslər üçün ki, dövlət onlara gen-bol imkanlar yaradıb; azad bazar iqtisadiyyatı şəraitində istədikləri qədər qazansınlar, ölkədə bolluq və firavanlıq olsun deyə.

Amma son günlər müşahidə edilən proseslər onu göstərir ki, bəzi işbazlar bu şəraitdən sui-istifadə edirlər. Özü də vicdansızcasına!

Cənab Prezident hər dəfə vurğulayır ki, istər dünyadakı iqtisadi böhran, istərsə də son zamanlar neftin müşahidə edilən qiymət enmələri Azərbaycan əhalisinin rifah halına ciddi təsir etməyəcək. Bunu demək üçün onun yetərincə əsasları da var. Çünki ölkəmiz bütün sahələrdə dayanıqlı sabitliyə nail olub və buna görə də Avropada, dünya ölkələrində illərdir davam edən böhran Azərbaycandan yan keçir.

Lakin unutmaq olmaz ki, dünya bir gəmidirsə və Azərbaycan da hamı kimi həmin gəminin içindədirsə, baş verməkdə olan qlobal proseslər gec-tez bizə də təsirini göstərməlidir. Elə bu iqtisadi böhran məsələsində olduğu kimi. Sadəcə olaraq həmin proseslərdən Avropa Birliyinin üzvü Yunanıstandan fərqli olaraq ciddi zərər çəkmədən, mümkün qədər az itkilə çıxmaq lazımdır.

Azərbaycan da bir müstəqil dövlət olaraq qaçılmaz qlobal proseslərdən həmişə az zərərlə çıxmaq üçün çalışıb. Manatın dəyərinin aşağı salınması da bununla bağlıdır.

Biz nəzərə almalıyıq ki, dövlət başçısı İlham Əliyev özü şəxsən mümkün olan hər şeyi etdi ki, vətəndaş ciddi zərər görməsin. Dövlət bütün resurslarını səfərbər etdi, milyonlar, milyardlar xərclədi ki, ən adi insanımızın əlindəki 3-5 manatı da qorunsun. Yəni bu, dünyanın heç bir ölkəsində baş verməmiş bir prosesdir. Halbuki ən inkişaf etmiş Avropa ölkələri belə ən adi böhran halında vətəndaşı düşünmədən radikal addımlar atır, insanlar gündəlik çörəkpulundan belə məhrum edilir.

Azərbaycan dövləti isə belə etmədi. Yaxınlaşmaqda olan böhranı mümkün qədər çox uzaqlaşdırdı ki, insanlar bu gərdişə hazırlıqlı olsunlar.

Bu yanaşma dövlətimizin vətəndaşı düşünməsinin daha bir gözəl örnəyidir.

Amma bəzi işbazlar bundan da sui-istifadə etməyə başladılar. Bəlli olduğu kimi manatın dəyərinin gerçəkliyə uyğunlaşdırılması üçün ilk addımlar atılarkən bu prosesin təbii şəkildə getməsinə qərar verilmişdi. Hər kəsə bəllidir ki, radikal gedişlər cəmiyyətə pis təsir edir və arzuolunmaz nəticələrə səbəb olur. Bu baxımdan dövlətin seçdiyi taktika doğru idi.

Qeyd etdiyimiz işbazlarsa bunu düzgün dəyərləndirmədilər. Ona görə də manatla bağlı məlum addım qəfil atıldı. Belə olmasaydı Azərbaycanda mal və məhsul qıtlığı yaratmaqla vətəndaşları narazı salmaq istəyən bəzi dairələrin əl-qol açmasına imkan yaranacaqdı.

Düzdür, ilk andan hamımız bir qədər əsəbləşdik, təəccübləndik və hətta nə qərar verəcəyimizi müəyyən etməkdə çətinlik çəkdik. Amma sonrakı günlər baş verən proseslər göstərdi ki, ən optimal çıxış yolu elə bu idi.

İndi sıra iş adamlarındadır. Artıq bəzi istehsal müəssisələri bəyan edib ki, onların məhsullarının qiyməti artırılmayacaq. Bu cür iş adamlarını alqışlamaq lazımdır. Vətənə, millətə xidmət də elə bu cür olur. Yaranmış vəziyyətdə insanlarımıza yardımçı olmaz lazımdır. Daha fürsətdən sui-istifadə edib vicdansız yollarla gəlir əldə etmək yox.

Bəzi adamlar elə belə haram yolla gəlirlərini artırmağa çalışırlar da. Bu adamlar heç bir əsas olmadan bazarda qıtlıq yaratmağa, vətəndaşlar arasında çaxnaşma salmağa və satışdakı malların qiymətini artırmağa girişiblər. Bunlar birmənalı olaraq Azərbaycan Prezidentinə, Azərbaycan Dövlətinə xəyanət etməklə məşğuldur!

Belə insanlar düşünməsinlər ki, əməlləri cavabsız qalacaq. Artıq son bir neçə gün ərzində ölkədə süni çaxnaşma yaratmaq istəyən işbazlarla bağlı müəyyən addımlar atılır. Bu addımlar başqalarına da dərs olmalıdır yəqin ki.

Biz hamımız anlamalıyıq ki, manatın dəyərinin aşağı salınması qaçılmaz və alternativi olmayan bir prosesdir. Özü də bu proses təkcə bizdə getmir. Avropa ölkələrindən başlayıb ta bizim ən yaxın qonşularımıza kimi bütün ölkələrdə baş verir. Elədirsə, biz yaxamızı heç cür kənara çəkə bilmərik. Sadəcə bir az təmkinli olmalı, dövlətimizin bu durumdan ən qısa zamanda qurtulması üçün yardımçı olmağa çalışmalıyıq.

Yeri gəlmişkən, baş verənlər heç də böyük faciə deyil. Biz zatən ötən əsrin 90-cı illərinin çörək növbələrini görmüş insanlarıq. İndi nə baş verir ki? Şükürlər olsun, çörəyimiz bol, dövlətimiz də ayaqda. Qorxulacaq bir şey yoxdur yəni.

Bütün xəbərlər Facebook səhifəmizdə