Bu gün dünyada qeyri stabillik, qlobal təhlükələrə və kataklizmlərə yol açan bir sıra xoşagəlməz hallar dünya ictimaiyyətini narahat etməkdədir. Bir çox dairələrdə şiddət sərgiləyən proseslərin qarşısının alınması üçün müxtəlif layihə və texnologiyalardan istifadə etməyə çalışırlar. Amma bunların arasında multikulturalizm öz müsbət təcrübəsi ilə bəşəriyyətdə sülhün bərqərar olması üçün iddialı mövqe nümayiş etdirir. Azərbaycan dünyanın humanitar kataklizmlər, sivilizasiyalararası toqquşmaların baş vermədiyi nadir ölkələrindəndir. Humanitar məsələ bu gün özündə mədəniyyətlərin, sivilizasiyaların, konfessiyaların qarşılıqlı münasibətlərini ehtiva etməkdədir. Ölkəmizdə tarixən bu sahəyə ən pozitiv mövqe sərgiləndiyi üçün bu gün Azərbaycan dünyanın humanitar əməkdaşlıq mərkəzinə çevrilib. Dözümlülük, tolerantlıq məkanı olmuş müstəqil Azərbaycan öz siyasətini bu təməl üzərində qurur.
Buna misal olaraq Azərbaycan Respublikasının prezidentinin qəbul etdiyi uzaqgörən fərmanı ilə Azərbaycan Respublikası Millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyinin yaradılmasıdır. AMEA-nın həqiqi üzvü tanınmış ziyalımız Kamal Abdullayevin dövlət müşaviri təyin olunması, bu sahənin respublika miqyasında geniş vüsət almasına və əlaqələndirməsinə təkan vermişdir. Məhz K.Abdullayevin "Multikulturalizmə giriş" və "Azərbaycan multikulturalizmi" fənlərinin tədris edilməsi təklifini qəbul edərək, Təhsil nazirliyinin müvafiq göstərişi ilə 2015-ci tədris ilindən etibarən, bakalavr səviyyəsində "Multikulturalizmə giriş", magistr səviyyəsində isə "Azərbaycan multikulturalizmi" fənlərinin tədris olunması tövsiyə olunub. SİA-nın xəbərinə görə, 2015-ci il fevralın 24-də Bakı Slavyan Universitetinin Elmi Şurasında Multikulturalizm kafedrasının yaradılması haqqında qərar qəbul edilmişdir. Universitetin elmi şurasının üzvü, akademik Kamal Abdullayevin təşəbbüsü ilə yaradılmış kafedrada BSU-nun bütün ixtisaslarında bakalavr pilləsində "Multikulturalizmə giriş", regionşünaslıq (ölkəşünaslıq) ixtisasında, "ixtisas ölkələrinin mədəniyyəti və incəsənəti", "ixtisas ölkələrinin etnoqrafiyası", "ixtisas ölkələrinin ictimai fikir tarixi", "ixtisas ölkələrinin etnopsixologiyası", "müqayisəli ədədbiyyat" və s. fənnlər tədris olunacaqdır. Magistratura pilləsində isə "Azərbaycan multikulturalizmi" fənni ilə yanaşı, "ədəbi komprotivistika" və müxtəlif ixtisaslaşmalara uyğun fənlərin tədrisi nəzərdə tutulur. Bundan əlavə, kafedrada multikulturalizm üzrə buraxılış işləri, magistr və doktorluq dissertasiyalarının yerinə yetirilməsi planlaşdırılır. Kafedranın tərkibi yuxarıda adları çəkilən sahələr üzrə kifayət qədər elmi-pedoqoji təcrübəyə malik olan mütəxəssislərdən formalaşdırılıb. Bu kafedranın əməkdaşları Azərbaycan Respublikası Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyinin və Bakı multikulturalizm mərkəzinin həyata keçirdikləri layihələrdə də aktiv iştirak edəcəklər. Qeyd etmək lazımdır ki, BSU-da yaradılan kafedra respublikada ilk olduğuna görə gələcəkdə digər ali təhsil müəssissələrində yaradılacaq bu qəbildən olan kafedralara elmi-metodik yardım göstərəcəkdir. Yeni yaradılmış kafedraya müdir vəzifəsinə dosent Aytən Qəhrəmanova təyin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB