Bu gün "Azərenerji" ASC-də Xocalı soyqırımının iyirmi üçüncü ildönümü ilə əlaqədar olaraq "Xocalı soyqırımı-XX əsrin faciəsidir" mövzusunda tədbir keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Tədbir iştirakçıları ilk növbədə Xocalı soyqırımını əks etdirən foto sərgi ilə tanış olublar. Daha sonra tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə çıxış edənlər azərbaycanlıları tarixi torpaqlarından qovub çıxarmaq, bu ərazilərdə "böyük Ermənistan" yaratmaq xülyası erməni millətçilərinin uzun illər ərzində həyata keçirdikləri təcavüz və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu, hələ 1905–1907-ci, 1918–1920-ci, 1948–1953-cü illərdə Qafqazda öz tarixi ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalan yüz minlərlə azərbaycanlının kütləvi surətdə qətlə yetirilməsini, öz torpaqlarından deportasiya edilmələrini diqqətə çatdıraraq bildiriblər ki, bu il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 27 ili tamam olur.
O da qeyd edildi ki, 1988-ci ilin fevralından ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi çağırışları ilə başlanan nümayişlərinə keçmiş SSRİ rəhbərliyi tərəfindən zəruri tədbirlər görülməməsi qısa müddət ərzində Dağlıq Qarabağ ərazisində və ətraf rayonlarda azərbaycanlıların yurd yerlərinin yandırılması, əhalisinin qətlə yetirilməsi ilə nəticələnib. O cümlədən erməni millətçiləri Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı kəndlərində qətliamlar törədiblər. Natiqlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayəti müharibələr tarixində bənzəri olmayan hadisə olduğunu, bu soyqırım aktı nəticəsində bəzi ailələrin bütünlüklə məhv edildiyini, mülki əhalinin görünməmiş qəddarlıqla qətlə yetirildiyini, əsir götürülənlərə amansız işgəncələr verildiyini də qeyd ediblər.
Onu da qeyd etdilər ki, bu soyqırım erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin davamıdır.
Çıxış edənlər ermənilərin bu dəhşətli qırğınla Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədiyini, onu tarixi torpaqlarımızın işğalı faktı ilə barışmağa məcbur etmək istəklərinin baş tutmadığını, Ermənistanın bu gün də davam edən hərbi təcavüzü ilə üz-üzə qalmış Azərbaycan, ermənilər tərəfindən uydurulmuş "Dağlıq Qarabağ problemi", o cümlədən XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əsası Ulu Öndər tərəfindən qoyulmuş siyasi kursun Möhtərəm Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini də vurğulayıblar. O da xüsusi qeyd edilib ki, Dövlət başçımız dünyanın nüfuzlu tribunalarından səslənən çıxışlarında terrorla mübarizə aparan beynəlxalq birliyin bu məsələdə ikili standartlara yol verməsinə qətiyyətlə etirazını bildirib və Avropa Şurasında ilk dəfə olaraq Ermənistanın təcavüzkar tərəf kimi tanınmasına nail olub. Bunun nəticəsidir ki, Dağlıq Qarabağı və Azərbaycanın daha 7 rayonunun Ermənistanın işğal altında saxlaması faktı Avropa Şurası Parlament Assambleyasının rəsmi sənədlərində öz əksini tapıb.
Eləcə də Xocalı soyqırımının dünyada tanıdılması üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə aparılan məqsədyönlü işlər də xüsusi qeyd edilib.
Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş film nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB