Astarada Xocalı faciəsi ehtiramla anılıb FOTOLAR

Astarada Xocalı faciəsi ehtiramla anılıb FOTOLAR

Fevralın 26-da Astara rayonunda Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ərazi icra nümayəndələri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri tərəfindən şəhidlərin xatirə kompleksinin önünə tər qərənfillər düzülüb, şəhidlərin xatirəsi ehtiramla yad edilib. İştirakçılar şəhidlərin xatirə kompleksinin önündə təşkil edilmiş Xocalı soyqırımından bəhs edən foto-sərgi ilə tanış olub, kompozisiyaya baxıblar.

Rayon İcra hakimiyyətinin məsul işçisi, "Xocalım ağrım mənim" kitabının müəllifi Mərasim Hacızadə Xocalı faciəsi barədə iştirakçılara məlumat verərək qeyd edib ki, XX əsrin ən ağır müsibətlərindən biri olan Xocalı faciəsi bəşər tarixində analoqu olmayan qanlı soyqırımı, Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş acı bir kədər, dərin bir üzüntüdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımları Heydər Əliyev Fondu uğurla davam etdirir. Məhz fondun gərgin əməyi nəticəsində indi dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. Bir sıra ölkələrdə Heydər Əliyev fondunun Vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilmiş, "Xocalıya ədalət" beynəlxalq informasiya və təşviqat kompaniyasının məqsədi dünya ictimaiyyətini Xocalı faciəsi ilə bağlı məlumatlandırmaq, qətliama hüquqi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. Bu xeyirxah əməl uğurla davam etdirilir.

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aparılan işlərin getdikcə geniş miqyas alması və Azərbaycanın gündən-günə beynəlxalq miqyasda artan nüfuzu sayəsində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı və Azərbaycanın işğal altında olan bütün torpaqlarının geri alınacağı günün uzaqda olmadığı qeyd olunub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə