Cavid Qurbanov Larisa Leşçenko ilə ikitərəfli görüş keçirib

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi" layihəsi çərçivəsində Dünya Bankının Azərbaycan üzrə ölkə təmsilçisi Larisa Leşçenko ilə ikitərəfli görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Azərbaycan Dəmir Yolunda həyata keçirilən islahatlar, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verərək qeyd etdi ki, Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən nəqliyyat sektorunda yeni dönəm başlayıb. Tranzit daşımaların mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasını təmin etmək baxımından bu gün görülən işlər çox əhəmiyyətlidir. "Azərbaycan Dəmir Yolları" QSC-nin investisiya layihələrində aktiv iştirakı, gələcəkdə dəmir yolu infrastrukturunun, texniki vasitələrin müasirləşdirilməsinə imkan yaradacaq.

İkitərəfli görüş zamanı əsas xidmətlərin keyfiyyətinin yüksəldilməsi, dəmir yolu sektoruna qoyulan investisiyaların rentabelliyinin artırılması, dəyişən cərəyanlı dartı sistemi ilə işləyən 50 ədəd yük lokomotivinin vaxtında təchiz edilməsi və onlar üçün depoların tikilməsi və digər məsələlər müzakirə olunub.

Dünya Bankının Azərbaycan üzrə ölkə təmsilçisi Larisa Leşçenko "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi" layihəsi çərçivəsində bu günə kimi görülən işləri təqdirəlayiq hesab etmiş, ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə