DSMF sədrindən pensiyaçılara şad xəbər

DSMF sədrindən pensiyaçılara şad xəbər

"Azərbaycanda məzənnənin dəyişməsinin istehlak səbətinə hər hansı bir təsiri olacaqsa, istehlak qiymətləri indeksinin hər hansı bir dəyişməsi halı müşahidə olacaqsa, pensiya məbləğlərində nəzərə alınacaq və pensiya məbləğlərinin indeksləşdirilməsi yolu ilə bu aradan qaldırılacaq. Buna görə narahat olmağa əsas yoxdur". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

E. Mehdiyev bildirib ki, sığorta-pensiya sistemi Azərbaycan qanunvericiliyinə uyğun olaraq bir çox fiskal təzyiqlərdən qorunma mexanizminə malikdir: "Bunlardan biri də hər il inflyasiya göstəricisinə uyğun olaraq pensiya məbləğlərinin indeksləşdirilməsi prosesidir. Prezident tərəfindən hər il bu barədə qərar qəbul olunur. Fond isə avtomatlaşdırılmış sistemdə pensiyaların indeksləşdirməsini aparır. Cari ildə də ötən ilin inflyasiya səviyyəsinə uyğun olaraq pensiyaların indeksləşdirilməsi prosesini, eləcə də fərdi hesablarda sığorta kapitallarında indeksləşdirilməni aparmışıq. Bu mexanizm özlüyündə inflyasiyanın səviyyəsindən asılı olmayaraq, eləcə də istehlak qiymətləri indeksinin dəyişməsindən asılı olmayaraq, pensiya məbləğlərinin bazar iqtisadiyyatı şəraitində fiskal təsirlərindən qorunmasını ifadə edir".

E. Mehdiyev qeyd edib ki, yanvar-fevral aylarında pensiyaların maliyyələşdirilməsi prosesi qrafikdən əvvəl yekunlaşıb. "Qarşımızda duran məsələ Novruz bayramına qədər pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsidir ki, biz buna da nail olacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə