1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, hadisələrdən biri Qarabağın ən qədim yaşayış məskənlərindən olan Xocalıda baş verən soyqırımıdır. Ermənilərin xalqımıza qarşı apardığı soyqırım siyasəti bircə Xocalı ilə bitmir. Onlar bu terror siyasətini iki yüz ildir ki, müəyyən fasilələrlə davam etdirirlər. Son iki yüz illik tarixin hər bir səhifəsini çevirəndə erməni vəhşiliyini görməmək mümkün deyil. Onların yüz illərdir beyinlərində bəslədikləri qondarma xəyallarını həyata keçməsi üçün hər zaman qanlı qətliamlara, insanlığa sığmayan faciələrə yol açıb. 1905-1907, 1918 və 1920-ci illərdə, o cümlədən, müasir tariximizdəki işğal olunan rayonlarımızda aparılan etnik təmizləmə siyasəti onların çirkin və məkrli niyyətlərini reallaşdırmaq üçün apardıqları siyasətin tərkib hissəsidir. Təəssüf ki, bizim sülhpərvərliyimizdən istifadə edən erməni şovinistləri XX əsrin sonunda yeni bir qanlı soyqırımına imza atdılar. 1992-ci il fevralın 26-da baş verən Xocalı faciəsi bəşər tarixinin ən qanlı səhifələrindən biridir.
Deyərdim ki, Xocalı faciəsi bir gecənin işi deyildi. Onlar Qarabağın digər ərazilərində də qətliamlar törətmişdilər. Amma Xocalı faciəsi onların ən dəhşətlisi idi. Qarabağ müharibəsində Sovet qoşunlarının aşkar şəkildə ermənilərə yardım etməsi gizli fakt deyil. Hətta törədilən qətllərdə iştirak etmiş sovet, erməni hərbçilərinin adı bu gün açıq şəkildə bəyan edilir. Erməniləri silah-sursatla tam təmin edən, onları canlı qüvvə ilə kömək göstərən imperiya dairələri azərbaycanlılarda olan ov tüfəngini zorla yığırdılar. O dövrdə Azərbaycanda rəhbərlikdə olanlar hələ də Kremlin əmrlərindən çıxa bilmirdi. Məhz belə bir vəziyyətdə Xocalı soyqırımı baş verdi. Ermənilər 366-cı alayın köməyilə tarixə ən dəhşətli qanlı səhifələrdən birini yazdılar. Hər tərəfdə silahlı ermənilər sanki dinc əhalininin ovuna çıxmış, onlara amansız divan tuturdular. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov oldular. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da onların çoxu soyuqdan, şaxtadan məhv oldular… Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirib. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlib. Onlar diri-diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, körpə uşaqların gözləri çıxarılıb, süngü ilə hamilə qadınların qarınları yarılıb.
Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü. Beləliklə, erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətə start verildi.
Bu siyasət indi də Azərbaycan dövləti tərəfindən davam etdirilir. Burada əsas məqsəd tarixi ədalətin bərpasına nail olmaq, soyqırımı cinayətkarlarını dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Sözügedən siyasətin əsası isə məhz ulu öndər tərəfindən qoyulub. Belə ki, ulu öndərimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.
Qəbul edilmiş qərara əsasən 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Bununla ulu öndərimizin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü.
Ümummilli liderimizin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 1997-ci il fevralın 25-də imzaladığı sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.
Heydər Əliyev Fondunun tərəfindən həyata keçirilən "Xocalıya ədalət" kampaniyasının dünyada geniş əks-sədası var. İstər Şərq, istərsə də Qərb ölkələrində bu hərəkat geniş vüsət alıb. Bu kampaniya vasitəsilə beynəlxalq təşkilatlarda, dövlətlərdə keçirilən tədbirə qatılan insanlar Xocalı faciəsi haqqında həqiqətlərlə tanış ola biliblər. Artıq aparılan təbliğat işləri müsbət nəticələrini verməkdədir. Pakistan, Meksika, Kolumbiya və digər ölkələr Xocalı soyqırımını tanıyıblar. O cümlədən, ABŞ-ın bir neçə ştatının qanunverici orqanları Xocalı faciəsini insanlığa qarşı cinayət kimi dəyərləndiriblər. 50-dən çox dövlətin birləşdiyi İslam Əməkdaşlıq Təşkilatı da Xocalı soyqırımı ilə bağlı xüsusi qətnamələr qəbul edib.
Xocalı soyqırımı qurbanlarının xatirəsinin respublikamızın hər yerində olduğu kimi Lənkəran rayonunda da anılması artıq ənənə şəklini alıb. Fevral ayı başlanandan rayonun yaşayış məntəqələrində, təhsil, mədəniyyət müəssisələrində, gənclər təşkilatlarında soyqırımın 23-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Keçirilən tədbirlərdə Xocalı hadisələrinə aid məlumatlar verilir, gənc nəsildə bu dəhşətli faciə barədə ətraflı təsəvvür yaradılır. Gnc nəslin bu faciəni heç vaxt unutmaması, ayıq-sayıq olması, ölkə rəhbərliyi ətrafında bir yumruq kimi birləşməsi istiqamətində yaddaqalan tədbirlər həyata keçirilir. Yazımı Sərraf Talıbın "Xocalı" şeirindən aşağıdakı sətirlərlə bitirmək istəyirəm:
Vətəndə yurddu, hanı?
Min-min övladı hanı?
Hanı xanı, xatını?
Beşiyi boş-Xocalı.
Sözü çəkilib dara,
Bacalar baxır-qara!
Yolu kəsilib-yara,
Axan qan, yaş-Xocalı.
Dünya deyilmi agah?
Göyləri yandırır ah!
Harda qaldı haqq, Allah?
Hər gün savaş-Xocalı!
Araz Yağubov,
"Yaşıl çay" FT MMC-nin direktoru,
"Yaşıl çay" jurnalının baş redaktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB