Azərbaycanda və həmvətənlərimizin məskunlaşdığı dünyanın müxtəlif məmləkətlərində olduğu kimi, Xocalı qətliamının qurbanlarının xatirəsini anmaq və bu faciə üçün ədalət tələb etmək məqsədilə, ABŞ-da fəaliyyət göstərən Azərbaycanın Dostları Assambleyası (Assembly of Friends of Azerbaijan - AFAZ) tərəfindən paytaxt Vaşinqtonda xüsusi mərasim təşkil edilib. SİA-nın xəbərinə görə, ABŞ Konqresinin binasında baş tutmuş bu tədbirdə 16 ABŞ konqresmeni (Bill Shuster, Pete Olson, Henry Cuellar, Ryan Zinke, Xavier Becerra, Yvette Clarke, Paul Gosar, Al Green, Ted Deutch, Brian Babin, Randy Hultgren, Sheila Jackson Lee, Robert Aderholt, Charlie Dent, Mark Veasey, Doug Lamborn), Azərbaycan Milli Məclisinin üzvləri Asim Mollazadə və Sevinc Fətəliyeva, Fransa Senatının üzvü Natalie Goulet, Konqres aparatının çoxsaylı əməkdaşları, yerli ictimaiyyət və eləcə də Azərbaycan və türk icmalarının nümayəndələri qatılıblar.
Toplantıda açılış nitqi ilə çıxış etmiş Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ilk növbədə Xocalı qətliamının anım mərasimə qatılıb, Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirdiklər üçün ABŞ Konqresinin üzvləri başda bütün qonaqlara təşəkkürünü ifadə edib. Xocalı qətliamını Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən faciəvi hadisəsi kimi xarakterizə edərək, bu qətliamın qurbanlarının xatirəsini anmaqda məqsədin qisasçılığı təbliğ etmək deyil, uzunmüddətli sülhün tezliklə əldə edilməsinin vacibliyini xatırlatmaq olduğunu bəyan edib. Səfir məhz bu niyyətlə Azərbaycanın ən yaxın zamanda müfəssəl sülh sazişi üzrə danışıqlara başlamağa hazırlığını qeyd edib. O, digər yandan Xocalı faciəsinin anılmasının gələcək qətliamların qarşını ala biləcəyini demiş və əlavə etmişdir ki, vaxtilə bu qətliama və Azərbaycanın üzləşdiyi işğala müvafiq diqqət yetirilib olsa idi, regionumuzdakı digər faciəvi hadisələr, o cümlədən Ukraynadakı insan tələfatının qarşısını almaq mümkün olardı. ABŞ-ın müxtəlif ştatlarında Xocalı qətliamına dair tədbirlərə qatılmaq üçün ABŞ-da səfərdə olan Azərbaycan Milli Məclisinin üzvlərini salamlamış səfir Süleymanov onların Vaşinqtona birbaşa olaraq Pensilvaniyadakı mərasimdən gəldiklərini qeyd etmiş və eyni gündə həmin ştatın Nümayəndələr Palatası tərəfindən Xocalı qətliamı barədə qətnamənin qəbul edildiyini söyləyib.
ABŞ Konqresində Azərbaycan üzrə dostluq qrupunun həmsədri olan Bil Şuster həmin qrupa rəhbərlik etməkdən şərəf duyduğunu söyləyib, Azərbaycanın ABŞ-ın strateji tərəfdaşı kimi xarakterizə edib və qarşılıqlı münasibətlərin əhəmiyyətini qeyd edib. Konqresmen 11 sentyabr terror aktının ardınca Azərbaycanın ABŞ-a dəstəyini ifadə etmiş ilk ölkələr arasında olduğunu minnətdarlıqla xatırlayıb. O, Konqresdə təşkil edilmiş bu tədbirə qatılmaqla Xocalıda qətlə yetirilmiş insanların xatirəsini anmaq istədiyini göstərmiş və Azərbaycanın səfirinin fikirlərinə şərik çıxdığını deyərək, regionda tezliklə sülhün bərqərar olmasını diləyib.
Texas ştatından Pete Olson emosiya dolu bir çıxış edərək, 23 il əvvəl Xocalıdan qaçıb, sığınacaq axtaran Azərbaycanlıların mühasirəyə alınaraq, qətlə yetirildiklərini qeyd etmiş və nəticədə 613 günahsız insanın həyatına ermənilər tərəfindən qəsd edildiyini xatırladıb. O, daha sonra Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın məlum bəyanatından sitat gətirərək, bildirib ki, bu qətliama qədər azərbaycanlıların ermənilərin mülki şəxslərə əl qaldıra biləcəklərinə inanmırdılar, lakin Xocalıdan sonra onlar bu fikrin yanlış olduğunu sübut etdilər. Konqresmen Olson hər kəsi Xocalıda qətlə yetirilənlərin xatirəsini yaddan çıxarmamağa səsləyib.
Xavier Becerra Azərbaycana dostluğunu ifadə etmiş və Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsi üzrə tezliklə yekun və davamlı sülhün əldə edilməsinə dair mövqeyə dəstəyini bildirib. Konqresmenlər Henry Cuellar, Ryan Zinke, Paul Gosar, Al Green və Ted Deutch isə ABŞ-Azərbaycan tərəfdaşlığına toxunmuş və iki ölkə arasında münasibətlərin dərinləşməsinə dəstəklərini bəyan ediblər. Henry Cuellar həmçinin ayrıca olaraq Xocalıda yüzlərlə günahsız azərbaycanlının tələf olduğunu vurğulamışdır. Yvette Clarke Xocalı qətliamı qurbanlarının xatirəsinın anıldığı bir vaxtda Azərbaycan xalqı ilə həmrəyliyini ifadə etmiş və belə faciələrin heç zaman unudulmamalı olduğunu söyləyib.
Azərbaycan Milli Məclisinin üzvləri Asim Mollazadə və Sevinc Fətəliyeva Xocalı qətliamının Azərbaycan cəmiyyətində buraxdığı dərin izlərdən söz açmış, xalqımızın bütöv bir nəslinin Ermənistanın Qarabağda apardığı etnik təmizləmənin qurbanı olduğu barədə məlumat verib və Azərbaycanın qisasçılıq deyil, ədalət axtarışında olduğunu bildiriblər. A.Mollazadə 20-ci əsrdə baş vermiş digər qırğın və soyqırımlarla paralel apararaq, Xocalı faciəsini törədənlər üçün beynəlxalq məhkəmə tələb edib. S.Fətəliyevə erməni işğalından əziyyət çəkən məcburi köçkünlərinə üzləşdiyi vəziyyəti önə çəkmiş və xüsusən köçkün uşaqların üzləşdiyi məhdudiyyətləri vurğulayıb. Onlar beynəlxalq ictimaiyyəti və Azərbaycanın dostlarını ölkəmizin ədalət işinə dəstək verməyə səsləyiblər.
Tədbirdə çıxış etmiş Konqresin digər üzvləri və eləcə də fransalı senator Natalie Goulet Xocalı qurbanlarının xatirəsini anmış və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasının vacibliyi bəyan ediblər.
Mərasimə qatılmış iştirakçılar həmçinin Xocalı qətliamına dair foto-sərgi ilə tanış olmuşlar və onlara "Xocalıya Ədalət" kampaniyası çərçivəsində hazırlanmış materiallar təqdim olunub.. Bundan əlavə tədbir boyu toplantı zalındakı böyük ekranlar vasitəsilə qurbanların adları bir-bir xatırladılıb.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB