Qar uçqunu səbəbindən 4 gündür ki, bağlı olan Quba-İspik-Xınalıq yolunda fevralın 25-dən başlayaraq avtomobillərin hərəkəti bərpa edilib. Qubadakı 6 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, fevralın 21-i gecə saatlarında baş verən qar uçqunu Quba-İspik-Xınalıq yolunun 35-ci kilometrliyində qeydə alınmışdı. Əraziyə tökülən qar təbəqəsinin çoxluğu, eyni zamanda, həmin ərazidə texnikanın işləməsinin olduqca çətin olması yolun qardan təmizlənməsinə problemlər yaradırdı.
Buna baxmayaraq, yol istismar idarəsinin işçiləri nəqliyyat əlaqəsi kəsilən Xınalıq, Qala Xudat, Bostankeş, Cek, Əlik və Qrız və Hsput kəndlərinə avtomobillərin sərbəst hərəkətini təmin edə biliblər. Qar uçqununun geridə qalmış mənzərələrinə paytaxtdan gələnlərin marağına səbəb olub. Kimisi şəkil çəkdirir kimisi isə qar uçqununa tamaşa edir.
Qarın qalınlığı 8-10 metr olan 36-cı km-liyindən 57-ci km-liyə kimi yollar təmizlənib. Ancaq Quba 6 saylı Yİİ-sinin sahə rəisi bildirir ki, hələ də həmin yollarda təhlükə var, yenə də qar uçqunu baş verə bilər.
Qar yağmamışdan qabağ Xınalığa gedib qayıda bilməyən sürücülər də artıq bu gün qayıda biliblər.
Quba Rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov məlumat verib ki, qar uçqunu nəticəsində nəqliyyat əlaqəsi kəsilən kəndlərdə hər hansı fövqəladə hal yaşanmayıb. "Yerli sakinlər təbiətin bu şıltaqlığına hazır olduğundan vacib qış tədarükünü əvvəlcədən həyata keçirirlər. Kəndlərdə kifayət qədər ictimai iaşə obyektləri fəaliyyət göstərir. Ucqar dağ kəndlərində elektrik enerjisinin verilişində və rabitə əlaqəsində də hər hansı ciddi problem qeydə alınmayıb", - deyə Y.Abidov bildirib.
Emin Kərimov, Quba








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB