Dəmiryolçular Xocalı soyqırımını anıblar FOTOLAR

Dəmiryolçular Xocalı soyqırımını anıblar FOTOLAR

Bu günlərdə ölkəmizdə, eləcə də dünyanın bir çox yerlərində Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı anım tədbirləri keçirilir. Xaricdə yaşayan soydaşlarımız da nümayişlər keçirir, faciənin dəhşətlərini özündə əks etdirən video-süjetlər nümayiş etdirir, bəyanatlar yayırlar. SİA-nın verdiyi məlumata görə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin foyesində keçirilən tədbir də Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunub.

Anım tədbirini giriş sözü ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov açaraq bildirib ki, Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı tədbirlər keçirilir. Həmişə olduğu kimi polad magistralın əməkçiləri də anım mərasimlərinə qatılıblar. İri dəmir yolu qovşaqlarında, ayrı-ayrı idarə və müəssisələrdə təşkil olunan mərasimlərdə Xocalı faciəsi zamanı həlak olanların, ümumilikdə, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsi anılır, xeyrat süfrələri açılır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşər tarixinin ən qanlı olaylarından biri baş verib. Həmin gecə erməni quldurları o vaxtkı Rus imperiyasının 366-cı moto-atıcı rus alayının birbaşa köməyi ilə Xocalıda soyqırım törədiblər. Xocalı faciəsi ilə bağlı verilən rəsmi məlumatlarda bildirilir ki, həmin gecədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca amansızlıqla qətlə yetirilmiş, 1275 nəfər isə əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil. Daha dəhşətli bir fakt da ondan ibarətdir ki, həmin gün 8 ailə bütün üzvləri ilə birgə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini, itirmiş, 487 nəfər yaralanıb.

C. Qurbanov çıxışına davam edərək bildirdi ki, son illər ərzində Xocalı soyqırımın dünyada tanıdılması istiqamətində bir sıra tədbirlər görülür. Bu istiqamətdə Heydər Əliyev Fondunun xətti ilə görülən işləri xüsusilə qiymətləndirmək lazımdır. "Xocalıya ədalət" kampaniyası çərçivəsində görülən işlər dünyada böyük rezonans doğurub. Artıq bir çox dövlətlərin qanunverici orqanları Xocalı soyqırımını tanıyıb.

Bütün xəbərlər Facebook səhifəmizdə