Fevral 23-də, İstanbulun "Zorlu" Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə müvəfəqiyyətlə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində "Sonsuz dəhliz" sənədli filminin nümayişi və "Hocalı: bir savaş suçuna tanıklık. Ermenistan sanık sandelyesinde" adlı kitabın təqdimatı keçirilib. Tədbirdə 200-dən artıq qonaq, millət vəkilləri, diplomatlar, ictimai-siyasi, elm və mədəniyyət xadimləri, iş adamları, o cümlədən Azərbaycan diasporasının fəalları və mətbuat nümayəndələri iştirak ediblər. SİA-nın xəbərinə görə, "Xocalıya ədalət!" kampaniyası çərçivəsində türk dilində nəşr edilən "Hocalı: bir savaş suçuna tanıklık. Ermenistan sanık sandelyesinde" kitabına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ön söz yazıb. "Ön söz"də göstərilir ki, bu kitab Xocalı faciəsi haqda Qərbdə ingilis dilində nəşr olunmuş ilk müstəqil nəşrdir. Faktlara əsaslanan bu unikal kitabda Xocalı faciəsinin şahidləri ilə müsahibələr, xarici mətbuatda nəşr olunmuş materiallar, əcnəbi tədqiqatçıların əsərlərindən icmallar, beynəlxalq insan hüquqları təşkilatlarının hesabatları və fotoqrafların çəkdiyi nadir fotolar yer alır. "Ön söz"də kitabın türk dilinə tərcüməsi də yüksək qiymətləndirilir və onun oxucularının "Xocalıya ədalət!" kampaniyasına hərtərəfli dəstək verəcəyinə ümid ifadə olunur.
"Sonsuz dəhliz" sənədli filmi prodüserlər Aleksandr Brokas (Litva) və nüfuzlu "Grammy Award" mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilmişdir. Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulmuş, Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilmişdir. Filmdə Xocalı soyqırımına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş video-görüntülər və foto-materiallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) İstanbul ofisinin rəhbəri Rəna Rzayeva bildirib ki, "Xocalıya ədalət!" təbliğat-təşviqat kampaniyası 2008-ci il mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb. Kampaniyanın əsas missiyası dünya ictimaiyyətini Xocalı dəhşətləri haqqında məlumatlandırmaqdan ibarətdir.
Rəna Rzayevanın sözlərinə görə, kampaniyanın uğurla həyata keçirilməsi regionda ədalətin bərpasına yönələn beynəlxalq dəstəyin təzahürüdür. Bu dəstək Avropa, Amerika, Asiya və Afrika ölkələrində keçirilən tədbirlər vasitəsilə nümayiş etdirilib. "Xocalıya Ədalət!" kampaniyası çərçivəsində London, Strasburq, Brüssel, Berlin, Bern, Dublin, Lüksemburq, Ankara, Roma, Vilnüs və digər şəhərlərdə də tədbirlər keçirilir. Bu tədbirlər Azərbaycanın ərazi bütövlüyünün bərpası və haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm vasitədir.
Hocalı: bir savaş suçuna tanıklık. Ermenistan sanık sandelyesinde" kitabının həmmüəlliflərindən biri İan Pört kitabın əhəmiyyətindən və aktuallığından danışarkən qeyd edib ki, ondan Xocalıdakı qətliamın şahidi olmuş xocalılarla müsahibə almağa xahiş edəndə, o, artıq 10 il idi ki, Azərbaycanda yaşayırdı: " Xocalıda sağ qalmış həmin cəsarətli insanlarla söhbət etdikdən sonra mənim faciə haqqında bilgilərimdə dəyişiklik baş verdi. Beləliklə, biz birbaşa şahidlərdən əldə olunan məlumatları toplayaraq onu kitaba çevirdik. Məqsədimiz Xocalıdakı qırğının sadəcə statistika olmadığını və bu müsibətlərin real insanların başına gəldiyini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq idi. Çox şadam ki, bu kitab bir neçə dildə nəşr edilmişdir. Son olaraq, özünüzə sual verin, bu insanlara ədalətə nail olmaq üçün necə yardım edə bilərsiniz ? ", - deyə İan Pört vurğulayıb.
Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Həsən Zeynalov dedi ki, biz insanlığa qarşı 20-ci əsrin ən ağır facilələrindən və cinayətlərindən birini, Xocalı soyqırımının 23-cü il dönümünü anmaq üçün burada toplaşmışıq. İyirmi üç il bundan əvvəl fevralın 25-dən 26-na keçən gecə, Ermənistan hərbi qüvvələri keçmiş Sovet ordusunun Xankəndində dislokasiya olunmuş 366-cı alayı ilə birlikdə Azərbaycanın qədim şəhəri olam Xocalıya əhali yatarkən daxil olublar. Burada uşaq, qadın və qocalarda daxil olmaqla 613 nəfər öldürülmüş və təqribən 2000 yaxın insan əsir götürülmüşdür. Onların taleyi hələ də məlum deyil. Təəssüf ki, ikili standartlara görə, dünya hələ də Xocalı faciəsini tam şəkildə tanımamışdır. Xocalıda baş verənlər aydın şəkildə soyqırımdır.
Həsən Zeynəlov çıxışının sonunda ümidvarolduğunu bildirdi ki, . Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə uğurla həyata keçirilən Xocalıya ədalət! beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində həyata keçirilən fəaliyyət nəticəsində biz tarixi ədalətin bərpasına nail olacayıq.
"Sonsuz dəhliz" filminin qəhrəmanlarından biri, Xocalı soyqırımı zamanı həyat yoldaşını itirmiş və sonradan ermənilərin əsiri olmuş Valeh Hüseynov İstanbul tamaşaçısı qarşısında öz dəhşətli ağrılı hekayəsini danışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB